25 Dekabr 2015 18:35
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatı dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən Hemofilyalı xəstələr üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova bildirib ki, son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülüb, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına səbəb olub: “Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub. Amma buna baxmayaraq, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili, faktorlarla müalicə nəticəsində baş verən ağırlaşmaların aradan qaldırılması, artropatiyaların cərrahi reabilitasiyası üsullarının tətbiqi həllini gözləyən məsələlərdir. Hazırda icra olunan Dövlət Proqramı hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlib”.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının regional direktoru Təranə Cəlilova deyib ki, hemofiliyalı insan düzgün və vaxtlı-vaxtında müalicə alarsa, sağlam insan nə qədər yaşayarsa, o da o qədər yaşayar: “Çünki təhlükəsiz qandan istehsal olunmuş preparatlarla müalicə xəstələri bütün problemlərdən sığortalayır. Dövlət Proqramında nəzərdə tutulub ki, xəstələr təhlükəsiz qan faktorları ilə təmin olunacaqlar. Bu böyük bir məsələdir. Proqram çərçivəsində təhlükəsiz, keyfiyyətli müalicə nəticəsində əlilliyin qarşısı alınacaq və hemofiliyalı insanlar sağlam vətəndaşlardan seçilməyəcəklər. Ümüd edirik ki, onlar da sağlam vətəndaşlar kimi təhsil alacaqlar, işləyəcəklər və cəmiyyətdə öz yerlərini tutacaqlar”.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının mətbuat katibi Fuad Rəsulun hemofiliyalı xəstələrə dövlət tərəfindən yardımlar edildiyini vurğulaylaraq bildirib ki, təmsil etdiyi təşkilatın da bu sahədə müəyyən fəaliyyəti var.

Tədbirdə mövzuya dair xronika və sənədli film göstərilib,slaydlar nümayiş etdirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər