6 İyun 2014 16:22
5 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ildə baş verən 4 iyun qiyamının nəticəsi olaraq, prezident Əbülfəz Elçibəy hakimiyyətdən getdi. Surət Hüseynovun adı ilə bağlı olan bu qiyam Gəncədə 709-cu briqadadan başlayaraq, paytaxta qədər yol açdı. Həmin dövrdə bu briqadanın komandiri S.Hüseynovun "sağ əli" hesab edilən Eldar Əliyev idi.

Adı 4 iyun qiyamı ilə bağlı çəkilən E.Əliyev kim idi, hakimiyyətin devrilməsində nə kimi rolu oldu, indi bu şəxs haradadır?

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən keçmiş Baş prokuror İxtiyar Şirin deyib ki, 709-cu briqadanın keçmiş komandiri E.Əliyevin harada olması ilə bağlı məlumatı yoxdur. Onun sözlərinə görə, Ali Məhkəmə onun haqqında hökm çıxarandan sonra əfv olunub: “İndi yəqin ki Gəncə və onun ətrafında olan ərazilərdə yaşayır”.

İ.Şirin əlavə edib ki, E.Əliyev Surət Hüseynovun ətrafında olan quldur dəstələrindən birinə rəhbərlik edirdi. Onun fikrincə, əvvəllər çoxsaylı cinayətləri var idi: "Həmin dövrdə biz onun haqqında cinayət işi başlamışdıq. Lakin qiyamın baş verməsi onun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını aldı. 1994-cü ilin oktyabr hadisələrindən sonra o, Surət Hüseynovla birgə həbs olundu və vaxtilə bizim onu ittiham etdiyimiz cinayət hadisələriə görə müvafiq maddələrlə ittiham olunaraq, cinayət məsuliyyətinə cəlb edildi”.

Keçmiş Baş prokuror E.Əliyevin indi harada olması barədə məlumatısız olduğunu deyib. İ.Şirinin sözlərinə görə, E.Əliyev günahsız qanların tökülməsində, Elçibəy hakimiyyətinin devrilməsində xüsusi rola malik olub: “Xüsusilə, Azərbaycan rayonlarının ermənilərə “təhvil” verilməsində E.Əliyevin erməni xalqının qarşısında çox “böyük” xidmətləri olub”.

Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər isə qeyd edib ki, E.Əliyevi cəmi bir dəfə məhkəmədə görüb. O, bu insanın harada olması haqqında heç bir məlumata malik olmadığını deyib: “Onun sonrakı taleyi haqqında məlumatım yoxdur. Elçibəy hakimiyyətinin devrilməsində bu şəxsin roluna gəlincə, istintaq materialları var. Orada bu məsələlərlə bağlı ifadələr yer alıb”.

BƏXTİYAR


Müəllif: