Təhsil Nazirliyi müvafiq fənni tədris edən mütəxəssislərin maaşına əlavələr edildiyini deyir
Orta məktəb və ilk peşə-ixtisas müəssisələrində Gənclərin Çağırışaqədərki Hazırlığı (GÇH) fənnini tədris edən bir qrup hərbi rəhbər redaksiyamıza problemlərini çatdırıblar. Bildirirlər ki, onlar həftədə 8 saat (ildə 360 saat) GÇH fənnini pulsuz tədris edirlər. Nazirlikdən onlara bildirilib ki, bu məsələ Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” haqqında əsasnaməsinə görə tənzimlənir.
Əsasnamədə göstərilir ki, təhsil müəssisələrində İbtidai Hərbi Hazırlıq (İHH, indiki GÇH - red.) rəhbərlərinin vəzifə maaşları Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Bütün tipdən olan ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas müəssisələrində hərbi rəhbərlərin vəzifə maaşlarına həftədə 8 saat (ildə 360 saat) tədris etdiyi İHH dərslərinin haqqı daxil edilir.
Müraciət müəllifləri isə bildirirlər ki, GÇH fənnini tədris edənlər əsasən kişi cinsinin nümayəndələri və ailə başçısıdırlar. Ailə başçısı olaraq onların aylıq əməkhaqqı azlıq təşkil edir. Üstəlik, ildə 360 saat əməkhaqqı qarşılığı olmadan fənn tədris etmək onlar üçün çətinlik törədir.
Qeyd edək ki, analoji hal orta məktəb və ilk peşə-ixtisas müəssisələrində idman rəhbərlərinə də şamil edilir.
Məsələyə Təhsil Nazirliyinin mövqeyini öyrəndik. Nazirlikdən sorğumuza cavabda bildirildi ki, Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” əsasnaməsinə əsasən, bütün tipdən olan ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifə maaşlarına həftədə 8 saat (ildə 360 saat) tədris etdiyi ibtidai hərbi hazırlıq dərslərinin haqqı daxil edilir. Təhsil müəssisəsində ibtidai hərbi hazırlıq dərs saatları həftədə 8 saatdan (ildə 360 saatdan) az olduqda, gənclərin çağırışaqədərki hazırlıq rəhbəri tam vəzifə maaşını alır, həftədə 8 saatdan (ildə 360 saatdan) artıq tədris edilən saatların əməkhaqqı əlavə ödənilir: “Eyni zamanda, bildiririk ki, Prezidentin ”Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyinin 2015-ci il 13 mart tarixli 300 nömrəli əmrinə əsasən, dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşı artırılıb".
Qeyd edək ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi hələ peşə məktəblərində aparılmayıb.
Orta məktəblərdə sınaq qiymətləndirməsindən uğurlu nəticə əldə edən GÇH fənnini tədris edən müəllimlərdən biri - Orxan Səmədov bizimlə söhbətində bildirdi ki, 31 illik stajı var, 240 manat maaş alır. Onun sözlərinə görə, bu fənni tədris edən müəllimlərin məsuliyyəti çox olsa da, əməkhaqları yüksək deyil: “Əvvəlki illərlə müqayisədə hərbi kabinetlər lazımi avadanlıqlarla təmin olunub. Bu, yaxşı haldır. Amma bütün bunlara görə biz məsuliyyət daşıyırıq. Şagirdlərin hərbi vətənpərvərlik ruhunda böyüməsi üçün əlavə tədbirlər görmək, üstəlik, hərbi xidmət yaşına çatan oğlanları müvafiq orqanlardan qeydiyyatdan keçirmək bizim vəzifəmizdir.
Ancaq əməkhaqqımızla tələb olunan vəzifələrimiz üst-üstə düşmür. Mən hərbi rəhbər olaraq 20 saatdan artıq fənn tədris edə bilmirəm, həmin pulsuz 8 saat da bura daxil olduğu üçün əlavə dərs saatım 12 saatdan artıq ola bilməz. Vaxtilə hərbi kabinetlərdə vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar bizə əlavə 30 manat verilirdi, bu məbləğ də kəsilib. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün hesab edirəm ki, bu fənni tədris edən müəllimlərlə bağlı daha çox stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var, nəinki digər müəllimlərin".
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, Azərbaycan vətəndaşına milli ruhun aşılanması prosesi hələ erkən yaşlarından başlanmalı, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var.
Onun fikrincə, hərbi hazırlıq dərslərində şagird təkcə silahlardan istifadə qaydalarını öyrənmir, eyni zamanda, onların vətənə bağlılığı artır, şagird vətəni müdafiə etmək borcunu dərk edir: “Son illər tədris proqramlarında dəyişiklik edildi. İbtidai hərbi hazırlıq fənni ”Gənclərin çağırışaqədərki hazırlığı" fənni ilə əvəz olundu. Nəhayət, Nazirlər Kabineti yaranmış vəziyyətlə əlaqədar, bu sahədəki boşluqları aradan qaldırmaq məqsədilə 2012-ci ilin dekabrında 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq olunmuş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə dəyişiklik etdi.
Gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik səlahiyyətləri Müdafiə Nazirliyindən alınıb Təhsil Nazirliyi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verildi. Bu səlahiyyətləri artıq o iki qurum yerinə yetirir".
Nadir İsrafilov dedi ki, əsasnamədə xeyli təkmil dəyişiklər edilib. Əsasnaməyə görə, təhsil müəssisəsində çalışan hərbi rəhbərlərə, mütəxəssislərə və metodistlərə beş ildən bir dəyərinin əlli faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti və sair verilməlidir: “Əsasnamədə olan dəyişikliklər, ümid verir ki, istər orta məktəblərdə, istərsə də ali məktəblərdə hərbi hazırlıq işlərinin yüksək səviyyədə qurulmasına müəyyən təminat olsun. Ciddi icra mexanizmi tətbiq edilsə, bu sahədə əsaslı işlər görülə bilər”.
Sevil Hilalqızı