Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər birimiz problemlərimizin köhnə ildə qalacağını, təzə ildə xoş xəbərlər eşidəcəyimizi gözləyirik. Paytaxtdakı küçə və prospektlərdəki mağazalar yeni il atributları ilə bəzədilib. Buna baxmayaraq, Bakıda bayram ab-havasının tam hiss olunduğunu iddia eləsək yalançı çıxarıq.
Ancaq zamanın qarşısını almaq qeyri-mümkündür. Yeni il addım-addım, günbəgün üzübəri gəlir... Biz də oxucularımıza paytaxtın yeni ilə necə hazırlaşdığını çatdırmaq üçün mağazalara baş çəkdik.
Apardığımız müşahidələrdən məlum oldu ki, Yeni il bayramında ən çox satılan yolka və bayram hədiyyələrinin qiyməti digər illərə nisbətən bahadır.
İlk getdiyimiz mağazalardan biri Nəsimi bazarı ətrafında yerləşir. Mağazada müxtəlif qiymətə yolkalar, Şaxta baba və digər yeni il atributları var.
Bəzək əşyaları 15 manata
Mağazadakı satıcının sözlərinə görə, yolkaların qiymətləri hündürlüyünə və bəzəklərinə görə dəyişir: “Hündür yolkaların qiyməti 250 manatdan başlayır. Bizdə 30 manatdan başlayan yolkalar da var. Məsələn, işıqsız sadə bəzəklə olan yolkalar var ki, onu 30 manata təklif edirik. Demək olar ki, hər ailənin büdcəsinə uyğun yolka və bəzək əşyalarımız var”.
Satıcı müştərilərə yolkaların keyfiyyətini necə göstərdiklərini söylədi: “Bir əskini götürüb isladırıq, yolkanı silirik. Əgər keyfiyyətlidirsə, islanan dəsmala heç bir rəng çıxmır”.
Mağazada yolka bəzəklərinin qiyməti isə müxtəlifdir. Bəzək əşyaları 50 qəpikdən başlayır. Plastmasdan olan bəzəklər 5 manatdan başlayır. Şüşə oyuncaqların qiyməti 7 -15 manat arası dəyişir. Onlar İtaliyadan gətirilib. Şaxta baba oyuncağı isə 20-200 manat arası olur. Bahalı Şaxta babaların hündürlüyü 3 metrdir, müəyyən mahnılar da oxuyurlar. Yolkanı bəzəyən zərlərin qiyməti 2 manatdan, zınqırovlar isə 5 manatdan başlayır. Yolka işıqları və ulduzun qiyməti isə 10 manatdandır".
Uşaqlar üçün pulsuz attraksionlar
Alıcı Rəşidə Abbasova qiymətlərdə bahalaşma olduğunu deyir: “Mənim indi almaq istədiyim yolkanın qiyməti 120 manatdır, halbuki keçən il 80-100 manata satılırdı. İndi məcbur qalıb 120 manata alıram”.
Paytaxtın məşhur küçələrindən biri olan “Neftçilər” prospekti boyunca ağaclara işıqlar quraşdırılıb.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, artıq bulvar ərazisində 10 şam ağacı quraşdırılıb və üzəri bəzədilib: “Hazırda bulvar ərazisində yolkalar quraşdırılıb, hər ağacında yanında Şaxta baba və Qar qız var. Bundan əlavə, şəhər sakinləri üçün dekabrın 31-də atəşfəşanlıq olacaq. Bu il ötən illərdən fərqli yeniliklər nəzərdə tutulmayıb”.
Nazim Məcidovun sözlərinə görə, paytaxtda quraşdırılan ən hündür yolka 22 metrdir: “Qeyd edim ki, Bulvar İdarəsi balacaları da sevindirib. 15 yaşına qədər olan uşaqlar dekabrın 28-də səhər saat 10-dan günorta saat 1- kimi attraksionlar pulsuz olub”.
“Şaxta babalar artıq evlərə getmək istəmirlər”
Bulvarda fəaliyyətinə icazə verilən Şaxta baba və Qar qızlar yolkaların ətrafında işə başlayıblar. Onların işi yanvarın 13-də başa çatacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun sözlərinə görə, əvvəlki illərdə evlərə getmək üçün əsasən aktyorlar müraciət edirdi, indi isə bu işə maraq azalıb: “Tanınmış aktyorlardan Arif Quliyev də uzun müddət evlərə Şaxta baba kimi gedib. Digər aktyorlardan da müraciət edənlər olurdu. Ötən il 2, ondan əvvəlki il 5-6 belə müraciət olub. Onlar arasında sadə insanlar da var idi.
Evlərə Şaxta baba kimi getmək üçün müraciət edənlər daha diqqətlə yoxlanılırdı. Çünki onlar evlərə girir, uşaqlarla daha yaxından ünsiyyətdə olurdu. Həmin insanlar sağlam olmaya, yaxud fərqli məqsəd güdə bilərdilər. Ona görə də hər müraciətə razılıq verilmirdi. Lakin daimi işlədiyimiz Şaxta babalar da vardı. İldən-ilə müraciətlər azalır. Ya əvvəl Şaxta baba olanlar qocalıb həvəsdən düşüblər, ya da artıq evlərə getmək istəmirlər".
Xidmət rəhbəri küçələrdə, parklarda Şaxta baba kimi fəaliyyətinə icazə verilən şəxslərin evlərə sifarişinə qadağa qoyulmadığını da söylədi: “Bu günə kimi 12 nəfərə Şaxta baba olmaq üçün icazə verilib. Onların fəaliyyət göstərməsi üçün yerlər də müəyyənləşdirilib. Evə getmələrinə icazə verməsək də, qadağan da etməmişik”.
“Şaxta baba olmaq çətindir”
Uşaqların daha çox onlarla şəkil çəkdirdiyini deyən Şaxta baba - Elnur Məmmədovun sözlərinə görə, bu bayramı daha çox uşaqlar gözləyirlər: “Bizimlə şəkil çəkdirənlər əsasən uşaqlar olur. Onlar bir ildir gözlədikləri Şaxta baba və Qar qızla görüşmək imkanı əldə edirlər. Əslində Şaxta baba olmaq çətindir. Çünki uşaqlar inamını itirməmək üçün onun obraz olduğunu hiss etməməlidir. Şaxta baba mümkün qədər mülayim, səmimi və əsl baba olmalı, uşaqla işləməyi bacarmalıdır”.
Soyuq əllər, isti ürək...
Şəhərin daha bir məşhur ünvanı olan Nizami küçəsində isə bir ay ərzində “Soyuq Əllər, isti ürək: Mələklər” adlı xeyriyyə yarmarkası davam edəcək. Artıq 3-cü ildir keçirilən bu aksiyadan əldə edilən vəsait müalicəyə ehtiyaclı uşaqlara sərf olunur.
Bu yarmarkadan suvenirlər, şirniyyatlar və digər hədiyyələr almaq mümkündür. Dekabr ayının əvvəlindən bu ərazidə xeyriyyə məqsədilə başlanan yarmarka bayram günlərində də davam edəcək. Yeni il xeyriyyə yarmarkası “Nərgiz” Fondunun təşkilatçılığı ilə keçirilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə ənənəsinə sadiq qalaraq bu il də Qız Qalasının qarşısında qeyri-adi və orijinal, möhtəşəm art-yolka quraşdırıb. Məlumata görə, bu ilki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir.
İnstalyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə qar yağması effektinin yaradılmasıdır.
“Daha çox bəzək əşyaları və kiçik Şaxta baba satırıq”
Daha sonra “İnşaatçılar” metrosu həndəvərində yerləşən mağazanın birinə baş çəkdik. Bu mağazada da hər cür yeni il atributları satılır. Ən ucuz yolkanın qiyməti 30 manatdır. Ümumi qiymətlər isə 30-300 manat arası dəyişir. Mağazada batareya ilə işləyən Şaxta baba oyuncağının qiymət 200 manatdır.
Məlumat üçün deyək ki, Yeni il atributlarının qiymətindəki fərqlər onların şəhərin hansı hissəsində satılmasından da asılıdır.
“Gənclik” və “Nərmanov” metrosunun üstündə yeni il əşyalarının satışı təşkil olunan yarmarkaya da baş çəkdik. Buradakı qiymətlər mağazaya nisbətən daha ucuzdur.
Satıcı Vahid Paşayev deyir ki, bu il alıcılar nisbətən azdır: “Daha çox yolkanın bəzək əşyalarını və kiçik şaxta baba suvenirləri satırıq. Şaxta babaların qiyməti 10 manatdan başlayır, 50 manata qədər davam edir. Yolkalar 12-80 manata qədər, hədiyyə qutusu 3-5 manat, papaq 3 manat, yolka üçün zərlər 2 manatdan və yolka işıqları 5 manatdan başlayır”.
70 yaşlı alıcı Eldar Səmədov deyir ki, pensiyasına uyğun almaq istədiyi yolka ağacı balacadır: “Evdə nəvələrə demək olmur ki, yolka almağa pulumuz çatmır. Mən 30 manatlıq yolka alıb aparsam, böyük olmadığını deyəcəklər. Çünki televizorda reklamda böyük yolka ağacları görürlər və ondan istəyirlər. Mən də məcburam 80 manatlıq yolka alım... Bəzəmək üçün bəzək əşyaları aldıqda 150 manat edir. Həm də keçən illə müqayisədə qiymət artımı var. Qiymətlər baha olduğu üçün nəvələrimə hədiyyələr ala bilməyəcəm. Hələ 31 dekabr günü üçün bayram süfrəsi bazarlıq edəcəm”.
Mağazalarda əsasən Çin, Türkiyə, Rusiyadan gətirilən oyuncaq və yeni il yolkaları satılır.
İlhamə Əbülfət