... Kimisi velosiped, kimisi gəlincik, kimisi məktəbli çantası, kimisi də kitab-dəftər istəyir. Özləri kimi istəkləri də saf, təmiz və sadədir. Bir çox yaşıdlarının asanlıqla sahib olduğu bu əşyalar onlar üçün haradasa, əlçatmazdır. Daha doğrusu, əlçatmaz idi. Amma artıq xəyallarının gerçəyə çevrilmə imkanı var. Bunun üçün, sadəcə, “ASAN məktub”a yazmaları kifayətdir. Belə ki, noyabrın 13-dən ASAN könüllülərinin yeni "ASAN Məktub" layihəsi başlayıb. O gündən ailəsinin maddi imkanı olmayan, kimsəsiz uşaqların arzuları ürəklərində qalmır. İstəklərini yazdıqları məktubu mütləq biriləri görür və gerçəkləşdirir.
Bu vaxta qədər “ASAN Məktub”un saytı vasitəsilə 100-ə yaxın uşağa hədiyyə çatdırılıb. Lakin sayt fəaliyyətə başlamamışdan əvvəl müxtəlif bayramlarda belə aksiyalar keçirilib. ASAN könüllülərinin dəstəyi ilə 300-dən çox uşağa hədiyyə çatdırılıb. Onların 90-a yaxını maddi imkanı zəif olan ailələrin uşaqları, qalanları isə uşaq evlərinin sakinləri və sığınacaqlarda məskunlaşanlardır.
Əməkdaşımız da uşaq sığınacaqlarından birində uşaqlara hədiyyələrin təqdim edilməsini izləyib...
... Bu sığınacaqda dəfələrlə olmuşam. Hər dəfə hansısa problemə, ailəsi tərəfindən imtina edilən, küçədə qalan hansısa uşağın taleyini işıqlandırmağa görə gəlmişəm. İlk dəfədir ki, gəlişimin məqsədi fərqlidir. Bu dəfə ağlamayan, sevincdən parlayan gözlərdən yazmağa gəlmişəm...
Yeni il ərəfəsində bu, onlar üçün əsl bayram hədiyyəsi oldu. Bəlkə də, bu hədiyyələri göndərənlər özlərinin hansısa ehtiyaclarından imtina ediblər. Amma buna dəyər. Uşaqların gözündə o sevinci, həyəcanı görmək üçün dəyər. Hədiyyələrini alır, bir-bir açıb baxırlar, məktubda yazdıqlarının hamısının alınıb-alınmadığını yoxlayırlar. Üzlərində məmnunluq var, deyəsən, əskik heç nə yoxdur.
Onlardan birinə yaxınlaşıb sevincini bölüşürəm:
- İstədiklərinin hamısı alınıb?
- Hə, gör nə qədər şey var... Qolbaqlar, karandaşlar, paltar, hələ baxın, nağıl kitabı da var. Quran da alıblar. Bu kitabı istəyəndə fikirləşmişdim ki, burada bizim əziyyətimizi çəkən müəllimlərimə hədiyyə edəcəm. O gündən düşünürdüm ki, kimə hədiyyə etsəm, daha yaxşı olar. Müşahidə etdim, Həcər müəllimə namaz qılırdı. Qərar verdim ki, bu hədiyyəmi ona verim.
Bu hədiyyə isə Həcər xanım üçün əsl sürpriz oldu.
Hədiyyələr veriləndən sonra sığınacaqda əsl bayram əhvalı yarandı. Kim üçün alınmasının fərqi qalmamışdı. Kim hansı oyuncaqla istəsə, oynaya biləcəkdi. Bu, qayda, məcburiyyət, ya da tələb deyil. Sadəcə, onlar bölüşməyi çoxdan öyrəniblər. Çünki artıq bir ailədirlər...
Hədiyyələr veriləndən sonra daha 7 uşaq məktub yazdı. Məktublarını yazan kimi ilk sual “hədiyyələrimiz nə vaxt gələcək” oldu. Qeyd edək ki, bu körpələrin gözlərini yollardan yığmaq üçün ictimaiyyətin dəstəyi lazımdır. Bunun üçünsə http://asanmektub.az/ saytına daxil olmağınız yetər.
Sonda qeyd edək ki, biz də “Gündəlik Teleqraf” ailəsi olaraq bu layihəyə dəstək verdik. Elə məlumat yayılan gün “Gündəlik Teleqraf”ın rəhbəri Aynur Camalqızı çağırışı kütləviləşdirmək, uşaqların qayğılarına daha çox insanın diqqətini cəlb etmək üçün kollektiv olaraq bu işə dəstək verəcəyimizi bəyan etdi: ““ASAN könüllüləri”nin başladığı kampaniya ilə tanış olandan sonra əməkdaşlarla məsləhətləşdik və belə qərara gəldik ki, bütün kollektivlə birlikdə bu xeyirli işə biz də qoşulaq. Əməkdaşlarımız hər ayın sonunda maaşlarından gücləri çatan məbləğdə pul ayıracaq və biz yığılan pulla ehtiyacı olan uşaqların arzusunu yerinə yetirəcəyik. Heç kim deməsin ki, “mən verdiyim 5 manatla problem həll etmək olmaz”. Unutmayaq ki, dama-dama göl olar. Biz gücümüzü toplasaq, bu ölkənin sabahı olan balaların gələcək xoşbəxt həyatının təməlini indidən ata bilərik”.
Dedik və etdik. Ötən ay maaşlarımızdan topladığımız məbləğə məktublarını oxuduğumuz uşaqların istəklərini gerçəkləşdirdik, üzlərini güldürdük.
Əslində, bilirik ki, bunu deməməliyik, sağ əlin verdiyini sol əl bilməməlidir. Və məqsədimiz də bu kiçicik, dəryada damla olan işimizi göstərmək deyil. Sadəcə, təşəbbüsü genişləndirmək istəyimizdən dolayı ona qoşulmağın çox ASAN olduğunu vurğulamaq üçün xatırladırıq.
Gülxar