3 Yanvar 2016 11:31
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmışlar meymun ilindən nələr gözləyir? Artıq 2 ildir davam edən “Brifinq” layihəsinin qonaqları olmuş müxtəlif peşə sahiblərindən Yeni il təəssüratlarını öyrəndik.

Deputat: “Pozitiv notlara köklənmişəm”

Milli Məclisin deputatı, politoloq Elman Nəsirli 2015-ci ilin onun üçün uğurlu il olduğunu söylədi: “Ötən il noyabrın 1-də ölkəmizdə V çağırış Milli Məclisə seçkilər keçirildi. Sıralarında 700 minə yaxın insanın cəmləndiyi, Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının rəhbərliyi mənim də namizədliyimi irəli sürdü. Bu, mənim üçün böyük etimad idi. Buna görə də partiyamızın rəhbəri, ölkə prezidenti cənab İlham Əliyevə, YAP rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Seçkinin nəticələri uğurlu oldu, 2015-ci ildə Azərbaycan parlamentinə deputat seçildim. Hesab edirəm ki, bu, 2015-in mənim üçün düşərli olduğunu bir daha təsdiqləyən faktdır. Mənə dəstək verən insanlara, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindəki seçicilərimə minnətdaram. 2016-cı ilə böyük ümidlər bəsləyirəm. Meymun ili mənim ilimdir. Bürcüm Buğa bürcüdür, bildiyim qədərilə 2016-cı il Buğa bürcü üçün də uğurlu il olacaq. Pozitiv notlara köklənmişəm”.

Elman Nəsirlinin fikrincə, 2015-ci il dünyada maliyyə, iqtisadi, siyasi, hərbi və mənəvi böhranlarla yadda qaldı: “Bu, müəyyən mənada Azərbaycandan da yan keçmədi. Ümid edirik ki, Azərbaycanın potensialı, ölkəmizdəki ictimai-siyasi sabitlik, xalqın öz prezidenti ətrafında birliyi, prezidentin ümummilli maraqlara söykənən müstəqil daxili və xarici siyasəti nəticə etibarilə 2016-cı ilin də bizim üçün uğurlu olmasını şərtləndirən əsas faktorlardır. 2016-cı ilin dünya miqyasında mürəkkəb il olacağı ilə bağlı proqnozlar var. Amma Azərbaycan bu çətinliklərə hazırdır. Ən başlıcası sabitliyi göz bəbəyi kimi qorumaq ən mühüm məsələlərdən biri olmalıdır”.

“Gələcəyə ümidliyəm”

Tanınmış aktrisa, əməkdar artist Mehriban Zəki 2016-cı ilə böyük ümidlər bəslədiyini bildirdi: "Sidq ürəkdən həm dövlətimiz, həm məmləkətimiz, mədəniyyətimiz, eləcə də özüm və əzizlərim üçün çox yaxşı şeylər gözləyirəm”.

Aktrisa 2015-ci ildə yaratdığı obrazlardan da danışdı: “Azdrama”da nmayiş olunan “Müsyö İbrahim və Quran çiçəkləri” tamaşasındakı obrazım yaradıcılıq baxımından böyük hərflərlə yazılası rolum deyildi. Kiçik bir rol idi, amma tamaşanın özünü, onun quruluşu və enerjisini çox sevdim. Teatr aləmində ilk dəfə idi ki, əsərin özü və gənc rejissorun düşüncəsi çox xoşuma gəldiyi üçün tamaşada oynamağa razılıq verdim və məmnuniyyətlə işlədim. Yaş da öz sözünü deyir, artıq ana, nənə obrazını oynamaq dövrü gəlir”.

“Əli və Nino” filmində kiçik rolda çəkildiyini xatırladan M.Zəki bu filmi möhtəşəm iş sayır: “Xəbərlərdə oxumuşam ki, yanvarda filmin dünya premyerası olacaq”.

“Yaxşı ki, bu ili yaşadıq”

Teleaparıcı Könül Arifqızının sözlərinə görə, şəxsi həyatında hər şey stabil olsa da, 2015-ci il onun üçün kədərli hadisələrlə yadda qalıb: “Qlobal mənada dünyada baş verən kataklizmləri hər kəs yaşayır. Ümid edirəm ki, sosial narahatlıqlar, pozulmuş balans 2016-cı ildə öz yerini tutacaq. İnsan həyatda daxili harmoniyanı qorumalıdır, o harmoniyanı tapandan sonra çalışmaq lazımdır ki, onu itirməyəsən və bacardıqca uzunömürlü edə biləsən”.

Yaradıcılıq yeniliyinə gəlincə, ötən il aparıcı xanım “Sənətkar” verilişi ilə tamaşaçıların görüşünə gəlib: “İdeya havada olur, onu tutub reallaşdırmaq lazımdır. Mənim qismətim elə gətirdi ki, ideyanı tutduq və gerçəkləşdirdik. Dost-tanış, əhatəmizdə olan insanların fikrindən belə başa düşdüm ki, yaxşı iş ortaya qoyduq. İşimdən razı qaldım, bu, özü müsbət göstəricidir. Yaxşı ki, bu ili yaşadıq. 2016-da daha çox şey qazanmağı diləyirəm. Xalqımıza can sağlığı, rifah arzulayıram. İnsanlar maksimum diqqətli olsunlar, ehtiyacı olan insanlara, yaşlılara, xəstələrə diqqət yetirməliyik”.

Nərgiz


Müəllif: