4 Yanvar 2016 15:11
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitlərin şəxsiyyəti müəyyənləşdirilib və nəşlər yaxın vaxtda respublikaya gətiriləcək. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, FHN-nin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb.

Qeyd olunur ki, məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşüb. İstintaq qrupunun üzvləri və FHN-nin nümayəndələri meyitlərə baxış keçirib. Məlum olub ki, bunlar 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər - Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur.

Onların nəşləri yaxın vaxtda respublikaya gətiriləcək.


Müəllif: