Məqsədi həmişə hər bir işdə Azərbaycanı xaricdə layiqincə təmsil etmək olub. Buna nümunə olaraq 2013-2014-cü illər ərzində magistr təhsili aldığı Böyük Britaniyanın Nottinqam Universitetində dostları ilə birlikdə təşkil etdiyi "Azərbaycan Mədəniyyət Günü", təhsil sahəsində qazandığı mükafatı və Nottinqam şəhərində böyüklər arasında keçirilən cüdo idman növü üzrə yarışmada bürünc medal qazanmağını göstərmək olar.
Həmsöhbətimiz SOCAR-ın Ekologiya İdarəsində mühəndis vəzifəsində çalışan Tural Məhərrəmovdur.
"Niyə mən bunu bacarmayım?"
O, 2009-2013-cü illər ərzində Milli Aviasiya Akademiyasında (MAA) ixtisas olaraq “Ekologiya mühəndisliyi” ixtisaslaşma olaraq isə "Aerokosmik monitorinq" üzrə bakalavr təhsili alıb: "Artıq MAA-da 4-cü kursda oxuyarkən xaricdə magistr təhsili almaq üçün müxtəlif təqaüd proqramları ilə maraqlandım. Dostlarımın da məsləhətindən sonra SOCAR-ın "Xarici Təqaüd" proqramına müraciət etməyə qərara aldım. Müsahibədən keçərək 2013-cü ildə Nottinqam Universitetində magistr təhsili almaq üçün Böyük Britaniyaya getdim.
SOCAR-ın "Xarici Təqaüd" proqramının əsas üstünlüyü odur ki, tələbələr təhsilini başa vurduqdan dərhal sonra işlə təmin olunurlar. Nottinqam Universitetində təhsil alarkən mənə ən böyük dəstəyi ailəm verdi. Düşünürdüm ki, əgər ailəm mənə güvənibsə, mən də təhsilimi uğurla başa vurub, onların inamını doğrultmalıyam.
Amma yenə də hər kəsdən əvvəl insan özü-özünə güvənməlidir. Bu mənada düşünürdüm ki, başqa ölkələrdən yüzlərcə tələbə gəlib təhsil ala bilirlərsə, niyə mən bundan da yaxşısını bacarmayım?"
Pul ödəmisənsə...
İngiltərədə təhsil sistemi fərqli olduğu üçün əvvəllər çətinliklərlə qarşılaşan müsahibim deyir ki, vaxt keçdikdə universitetə və dərs sisteminə uyğunlaşıb: "Düzdür, ingilislərin təhsil sistemi çox güclüdür, tədqiqat aparmağın yollarını mükəmməl öyrədirlər və ən əsası, çoxlu dərs vəsaitləri var.
Fikrimcə, Azərbaycanda da kifayət qədər savadlı və təcrübəli müəllimlər var, lakin bəzi ixtisaslar üzrə dərs vəsaitlərinin çatışmazlığı və ya xarici dillərdə olması tələbələrin məlumatları mənimsəməsində çətinlik yaradır. Lazımi məlumatların, tədris vəsaitlərinin xarici dillərdən Azərbaycan dilinə tərcümə olunması və praktiki işlərin həcminin çoxaldılması təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər. Digər tərəfdən, bizim universitetlərin çoxunda uşaqları qayıbla sıxırlar, onlar da məhz məcburiyyət üzündən dərsə gedirlər. Böyük Britaniyada oxuduğun universitetdə isə heç bir tələbədən "niyə dərsə gəlmirsən" deyə soruşmur, irad tutmurlar. Hamı bilir ki, sən oxumaq üçün gəlmisənsə, böyük miqdarda pul ödəmisənsə, üstəlik, orda yaşamaq üçün də pul xəricləyirsənsə, oxuyacaqsan".
"Yumurta boyadıq"
Tural Məhərrəmov həmişə istəyib ki, Azərbaycanı xaricdə layiqincə təmsil etsin: "Universitetdə "Azərbaycan mədəniyyət günü" təşkil etmək elə də asan olmadı. Novruz bayramı ərəfəsində tədbiri təşkil etmək qərarını verdiyim gün universitetə gəldim və bildirdim ki, biz dostlarla "Azərbaycan mədəniyyət günü" tədbiri təşkil etmək istəyirik.
Mən təhsil alan vaxt Nottinqam Universitetində azərbaycanlı tələbələrin rəsmi cəmiyyəti fəaliyyət göstərmədiyi üçün bu tədbirə icazə vermədilər. Mən də bu tədbiri necə olur-olsun keçirməyin yollarını düşündüm. Qardaş ölkə Türkiyədən olan tələbələrin rəsmi cəmiyyəti olduğundan otağı bizim üçün kirayə götürmələrini və tədbirə kömək göstərmələrini xahiş etdim. Sağ olsunlar, etiraz etmədilər.
Bir günlük otağı icarəyə götürdük və mən buna çox sevindim. Londondan gedib paxlava, Mançestrdan bayraq gətizdirdik. Həmin vaxt İqtisadi İnkişaf Nazirliyi Azərbaycan günü keçirmişdilər, oradan bizə suvenir verdilər. Dörd səməni cücərtdik, yumurta boyadıq. Bəzi yeməkləri çatdıra bilmədikdə, şəkil kimi təqdim etdik. Şəkillərdə Azərbaycanın mətbəxinin yeməkləri təsvir olunmuşdu. Azərbaycan musiqisini səsləndirdik. Rəşid Behbudovun, Vaqif Mustafazadənin ifasında olan mahnılar təqdim etdik.
İstəyirdik tədbir Novruz bayramı ərəfəsinə təsadüf etsin ki, xarici tələbələrə milli şirniyyatlarımızı göstərək. Xarici tələbə və müəllim heyəti tədbirə gəlib Azərbaycan haqqında məlumat əldə etdilər. Bayrağımızın mənası, Qız Qalası barədə də məlumatlar verdik.
200 nəfərin iştiraki ilə gözəl bir tədbir baş tutdu, çətin olsa da, dostlarımızla birlikdə buna nail olduq".
"Bəzi tələbələrin xaricdə təhsil aldıqdan sonra davranışları dəyişir"
Tural Məhərrəmov təəssüf edir ki, bəzi tələbələr xaricdə təhsil aldıqdan sonra xasiyyətləri, düşüncələri, davranışları mənfiyə dəyişir: "Azərbaycan adət-ənənələrini bəyənmir, bəzən xaricdə təhsil haqqında onlara verilən sadə suallara vaxt ayırmır, öz təcrübələrini bölüşmürlər.
Düzdür, xaricdə təhsil insanın həyat təcrübəsini, bilik və bacarıqlarını artırır. Mənim fikrimcə, məhz ölkəmizin inkişafı üçün xaricdə təhsil almış gənclər onlardan kömək istəyən zaman yardım etməli, gənclərlə təcrübələrini bölüşməlidirlər.
İngiltərədə mənə dərs deyən Paul adlı bir professor vardı. O, həmişə deyirdi ki, heç vaxt paxıllıq edib məlumatı gizlətməyin, əksinə, bölüşün ki, sizdə qarşınızdakından nəsə öyrənəsiz. İnsan məlumatı bölüşdükcə daha çox məlumat alır. Mən düşünürəm ki, xaricdə təhsil almaq ən zəngin təcrübədir".
İlhamə Əbülfət