8 Yanvar 2016 18:39
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehriban Zeynalova: “Xalq olaraq milli-mənəvi dəyərlərimizi tam itirməmişiksə, xoşbəxtik”

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında yer alıb. Bunu “Gallup” analitik şirkətinin keçirdiyi sorğu göstərir. Sorğunun nəticələrinə görə, Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir (rəyi soruşulanların 85 faizi bunu deyib). Cənubi amerikalıları Fici və Səudiyyə Ərəbistanı ( hər ikisi 82 faiz), eləcə də Azərbaycan (81 faiz) izləyir.

Sonrakı pillələrdə Vyetnam (80 faiz), Argentina və Panama (79 faiz) qərarlaşıb.

Azərbaycanda respondentlərin 33 faizi 2016-cı ilin yenicə başa çatan 2015-ci ildən daha yaxşı olacağını deyib. 19 faiz bədbinliyini ifadə edibsə, 23 faiz respondent neytrallığını qoruyub.

Ölkədə iqtisadi inkişaf perspektivləri barədə sualı cavablayarkən rəyi soruşulanların 36 faizi hər şeyin daha yaxşı olacağına inandığını söyləyib. 21 faiz respondent mənfi nəticələr gözləyirsə, 11 faiz iqtisadiyyatın elə eyni səviyyədə qalacağını düşünür.

Respondentlərin 66 faizi həyatlarından razı olduğunu bildirib. 10 faiz rəyi soruşulan xoşbəxt deyil, 23 faiz isə nə xoşbəxt olduğunu, nə də xoşbəxt olmadığını deyib.

Sorğuya əsasən, özlərini ən az xoşbəxt hiss edənlər iraqlılardır. Qeyd edək ki, sorğuda dünyanın 68 ölkəsindən 66 mindən çox respondent fikrini bildirib.

Bu, “Gallup” analitik şirkətinin keçirdiyi sorğudur. Bəs ölkəmizin tanınmışları bu haqda nə düşünür?

“Xoşbəxtlik üçün bunlar kifayət deyilmi?”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, Azərbaycanın ilk dördlüyə düşməsi üçün əsas var: “Digər xalqlardan fərqli olaraq biz ailə tellərinə hələ də bağlıyıq. Bu isə insanda xoşbəxtlik və əminlik hissini yaradır. Biz nadir hallarda tənha oluruq. İstəsək belə, buna imkan yoxdur. Çünki yaxınlar, dostlar, hətta bizi sevməyənlər də bizi tək qoymurlar. Düşünürəm ki, diqqət və qayğı xoşbəxtlik meyarı üçün əsas amildir. Biz sevgi doluyuq, yəni soyuq, biganə deyilik, övladlarımızın qayğısını çəkə bilirik. Xoşbəxtlik üçün bunlar kifayət deyilmi?”.

Mehriban Zeynalovanın sözlərinə görə, insan xoşbəxtliyinin mühüm hissəsi qadınlarla bağlıdır: “Xoşbəxtlik daha çox qadınlarla bağlı təsəvvürdür. Necə deyərlər, xoşbəxtliyin mənbəyi qadınlardır. Müəyyən zaman keçdikdən sonra nə qədər xoşbəxt olduğumuzun fərqinə varırıq.

Bəli, bizim Qarabağ dərdimiz var. Hazırda iqtisadi imkanlar bəlkə də ürəkaçan deyil. Amma 3 il, hətta bir il bundan əvvəl dünyanın istənilən ölkəsinə dincəlmək üçün gedən sadə vətəndaşlarımız yox idimi? Hər bir ölkənin çətin və gərgin anları olur. Amma xalq olaraq milli-mənəvi dəyərlərimizi tam itirməmişiksə, xoşbəxtik. Əsas onları itirməyək".

“Əgər biz yaşayırıqsa...”

Psixoloq Elnur Rüstəmov deyir ki, hər kəs xoşbəxtliyi və onu əldə etməyin yolunu özünəməxsus şəkildə tapmağa çalışır: “Buna görə də, kimisi xoşbəxtliyi uzun müddət axtarır, amma axtarmaqla xoşbəxtliyə çatmaq olmaz, onu gözləmək lazımdır.

Fikrimcə, xoşbəxtlik bizim daxilimizdədir. Əgər biz yaşayırıqsa, xoşbəxtik. Gördüyümüz hər işdən zövq alaraq, istədiyimiz nəticələrə çatmaq üçün səy göstəririksə, deməli, xoşbəxtliyi tapmışıq".

Elnur Rüstəmovun sözlərinə görə, xoşbəxtliyimizdə qədim vaxtlardan bəri etnopsixologiyamızda formalaşmış böyüklərə hörmət hissi də ciddi rol oynayır: “Məncə, ən pis şey aradakı hörməti məhv etməkdir. Biz bir çox dəyərlərimizi qoruyub saxlamalıyıq. Belə olan təqdirdə xoşbəxt olacağıq”.

Bir kilo ət, bahalı avtomobil

Fəlsəfə doktoru Leyla Nəzirzadənin sözlərinə görə, biz şükranlı xalqıq, ən çətin halımıza belə şükür edirik: “Ona görə də xoşbəxt görünürük. Mənim fikrimcə, xoşbəxtliyin meyarı məmnunluqdur. Əvvəla ondan başlayaq ki, ”Gallup" analitik şirkətinin keçirdiyi sorğu mütləq göstərici deyil. Sorğunun nəticələri hansı kriteriyalara əsaslanıb, bilmirəm. Ən mükəmməl şəxsiyyətə belə “Xoşbəxtsinizmi?” sualını ünvanladıqda bir balaca düşünür, götür-qoy edir".

İnsanın həyatda hədəflərinin olmağını bildirən Leyla Nəzirzadə deyir ki, xəyallar məqsədə çevrilməlidir: “Məqsədə nail olmaq üçün motivlər, vasitələr seçilməlidir. Bu məqamda insan individuallaşır. Yəni özü olur, başqalarından fərqlənir. Hər uğurumuz bizi əlçatmaz xoşbəxtliyə bir addım yaxınlaşdırır. Bu, uydurulmuş xoşbəxtlikdir.

Bir də var heç bir maddi parametrlə ölçülməyən xoşbəxtlik, yəni vətən sevgisi, ailə dəyərləri, valideyn-övlad sevgisindən yaşanan məmnunluq. Aza qane olmaq, bir tikə çörəyinə şükür edə bilmək böyüklüyü. Azərbaycanlılar sonuncu meyarlar baxımından xoşbəxtlikdə birinci yerdə ola bilərlər.

Mən düşünürəm ki, ümumiyyətlə xoşbəxtlik olmur. O abstrakt anlayışdır. Kimi üçün bir tikə çörək, kimi üçün bir kiloqram ət, kiminə bahalı avtomobil, villa, şam şöhrət və sair xoşbəxtlik mənbəyidir. Mənim üçün xoşbəxtlik insanlığa gərək olmaqdır".

“Xoşbəxtliyin meyarını açıqlamaq mümkün deyil”

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev deyir ki, xoşbəxt olan ölkələrin arasında inkişaf etmişləri yoxdur: “Bu da başa düşüləndir. Çünki ən çox intihar hadisələri olan Skandinaviya ölkələrində həyat səviyyəsi kifayət qədər yüksəkdir. Lakin o ölkələrdə əhalidə depressiya halları daha tez-tez olur.

Hesab edirəm ki, iqlim şəraiti də insan xoşbəxtliyində əsas amillərdən biridir. Azərbaycan siyahıda olan digər ölkələr kimi zəngin təbiətə malik ölkədir. Ümumilikdə, xoşbəxtliyin meyarını açıqlamaq mümkün deyil, çünki burada subyektiv yanaşma var, hər kəs özü üçün bu meyarları aydınlaşdırır".

İlhamə


Müəllif: