8 Yanvar 2016 18:48
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 8-də məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində “Sinif icmalarının plan müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd pilot layihə çərçivəsində yaradılan icmaların fəaliyyətini stimullaşdırmaqdan, icma üzvlərini həvəsləndirməkdən, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir.

Bakı şəhərindəki 204 saylı tam orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, təhsil ekspertləri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı şəhəri Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva layihənin əhəmiyyətindən danışaraq məktəb icmalarının valideyn və məktəb arasında etibarlılığın möhkəmlənməsinə zəmin yaratdığını bildirib. O, qeyd edib ki, məktəb, şagird və valideyn arasında düzgün qurulan əlaqə uşağın gələcək taleyində böyük rol oynayır.

Sonra çıxış edənlər məktəb icmaları layihəsinin məktəb-valideyn münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışaraq, bu əməkdaşlığın uşaqların tədris nailiyyətlərinin yüksəldilməsinə olduqca müsbət təsir göstərdiyini vurğulayıblar.

Qeyd edək ki, www.community.az saytı vasitəsilə keçirilən müsabiqədə 37 sinif icması iştirak edib. Qaliblər 5 nominasiya üzrə müəyyənləşdirilib.

Hər bir nominasiya üzrə qaliblərə Fəxri fərman və müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

SEVİL


Müəllif: