9 Yanvar 2016 19:15
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ildə görülən işlərə dair hesabat yayıb.

Hesabatda bildirilir ki, il ərzində tikinti sahəsinə aid 102 dövlət standartının layihəsinə baxılıb. Onlardan 17 standartın ləğv olunaraq yenidən işlənilməsi, 18 standarta dəyişiklik edilərək müasir normalara uyğunlaşdırılması qərara alınıb. Digər 67 standartın isə müasir tələblərə uyğun gəldiyi müəyyən olunub.

Ötən ildə 257 ədəd ölçmə və sınaq vasitələrinin tipi təsdiq edilərək Ölçmə Vasitələrinin Dövlət Reyestrinə daxil edilib.

Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətinin təyin edilməsi məqsədi ilə Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 650 işçi etalonlarının kalibrlənməsi həyata keçirilib. Nəticədə müvafiq olaraq 556 kalibrləmə sertifikatı və yararsızlıq haqqında 94 bildiriş verilib. Xidmət tərəfindən verilən kalibrləmə sertifikatları barəsində müvafiq məlumatlar mütəmadi olaraq Komitənin elektron reyestr sisteminə daxil edilib.

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun tələblərini təmin etmək və sahibkarlıq fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə "Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi" işlənib hazırlanıb.

980 məhdudlaşdırıcı qərar

Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2015-ci ilin on ayı ərzində sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 1617 qərar verilib.

Dövlət nəzarəti qaydasında aparılan yekunlaşmış yoxlamaların 855-i, yəni 53%-i ərzaq məhsullarının, 474-ü, təxminən 29.3%-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 288-i, 17.8%-i isə dövlət metroloji nəzarətə aid olub. Aparılmış yoxlamalar zamanı 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 980 məhdudlaşdırıcı qərar verilib. Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə 210.500 manat məbləğində inzibati qaydada cərimələr tətbiq edilib.

Xidmət tərəfindən ümumilikdə istehlak bazarından sınaqların aparılması üçün 273 adda, bunlardan 137 adda yerli məhsullar, 136 adda isə xarici ölkələrin istehsalı olan müxtəlif növ məhsullardan nümunələr seçilərək müvafiq laboratoriyalara təqdim edilib. Bu məhsul çeşidlərinə müxtəlif adda ərzaq məhsullarından alkoqolsuz və alkoqollu içkilər, ət və ət məhsulları, süd və süd məhsulları, unlu və şəkərli qənnadı məmulatları, konservləşdirilmiş məhsullar, qeyri-ərzaq məhsullarından isə diş pastaları, yuyucu və təmizləyici vasitələr, maye və bərk halda olan sabunlar, boyalar, avtomobil yağları, avtomobil benzinləri və dizel yanacaqları aid olub.

Təqdim edilmiş məhsullardan 222 adda məhsul standartın tələblərinə cavab verib, 51 adda məhsullar isə standartdan kənar olub.

2015-ci il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidmətində ölkənin 22 şəhər və rayonlarında fəaliyyət göstərən təsərrüfat subyektlərinin müraciəti əsasında 115 uyğunluğun qiymətləndirilməsi orqanı akkreditasiya edilib ki, onlardan da 80-i laboratoriya, 22-si oxşar məhsulların sertifikatlaşdırılması orqanı, 2-si personalın sertifikatlaşdırılması qurumu, 6-sı inspeksiya, 5-i idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı olub.

1755 əmtəə nişanı qeydiyyata alınıb

Ötən il Komitə tərəfindən sənaye mülkiyyəti sahəsində normativ-hüquqi və informasiya bazasının təkmilləşdirilməsi, müvafiq mühafizə sənədlərinin təqdimi, hüquqların verilməsinə dair müqavilələrin və istifadəyə dair lisenziya müqavilələrinin qeydiyyatı, sənaye mülkiyyəti sahəsinə dair digər işlər həyata keçirilib.

Sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 81 patent verilib, onlardan 79-u milli, 2-si isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 12 patent qeydiyyata alınıb ki, onlardan da 9-u milli, 3-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur.

Sənaye nümunələrinə dair 18 patent verilib. Onlardan 7-si milli, 11-i xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Hesabat dövründə dövlət reyestrində 1755 əmtəə nişanı qeydiyyata alınıb ki, onlardan 813-ü milli, 942-si xarici fiziki və hüquqi şəxslərə aiddir. Həmçinin coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 4 şəhadətnamə milli fiziki şəxs adına qeydiyyata alınıb. Sənaye mülkiyyəti obyektləri üzrə 61 müqavilə qeydiyyata götürülüb. Onlardan 55-i əmtəə nişanları üzrə hüquqların verilməsinə, 5-i əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə, 1-i ixtira üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.

Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 479, şəhadətnəmənin qüvvədə olma müddətinin uzadılması barədə 960, əmtəə nişanına dair dəyişiklər edilməsi haqqında 329 bildiriş qeydiyyata alınıb və 60 dublikat, 124 çıxarış verilib.

2015-ci il ərzində Apelyasiya Komissiyasına 146 əmtəə nişanının, 2 ixtiranın hüquqi mühafizəsi ilə bağlı etiraz verilib. Etirazlara baxılma nəticəsində (2014-ci ildən qalan işlər də daxil olmaqla) 140 qərar qəbul olunub, onlardan 126-i müsbət, 9-u rədd və 5-i qismən təmin edilib.

GMO məhsullarına nəzarət

Qida təhlükəsizliyinin təmin olunması məqsədilə ölkədə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilib.

Komissiyada Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun və yeyinti məhsulların istehsalı sahəsində ixtisaslaşmış özəl şirkətlərin nümayəndələri iştirak edirlər. Ötən il ərzində Kodeks Alimentarius Komissiyasının 3 iclası keçirilib. Hesabat dövrü ərzində Kodeks Alimentarius standartları əsasında komitə kollegiyasının qərarı ilə 7 standart təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Ədliyyə Nazirliyinə təqdim olunub.

Yeyinti məhsulları ilə bağlı 115 milli standartın siyahısı tutulub. Həmin standartlara "GMO bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya GMO bitkilərin genetik materiallarından yeyinti məhsullarının istehsalında istifadə olunması qadağandır" sözləri yazılmış yeni bənd yeni standartlarda və texniki şərtlərdə öz əksini tapacaq.

GMO-ilə bağlı Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 28 aprel 2015-ci il 1266-IVQD nömrəli Qanununu və "Yeyinti məhsulları haqqında" qanununun icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

Məhsullarda DNT analizləri nəticəsində GMO-nun müəyyən olunması metodları, DNT ekstraksiyası və bununla bağlı olan 3 adda QOST İSO dövlətlərarası standartlara Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya məktub göndərilib. Hazırda dövlətlərarası standartların aidiyyəti müddəaları nəzərdən keçirilir.

"Qida məhsulları "Tərkibində GMO yoxdur" işarəsilə markalanmanın qaydaları" standart layihəsi işlənib.
Həmçinin "Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Komitə tərəfindən Avropa İttifaqı ölkələrinin təcrübəsindən istifadə etməklə "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi" dövlət standartına yenidən baxılıb, dəyişikliklər və əlavələr edilməklə təkmilləşdirilimiş standart təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunub.

İlhamə


Müəllif: