11 Yanvar 2016 11:17
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX)Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə nazirliyin təsdiq etdiyi “Epizootik tədbirlər planı”na uyğun olaraq 2016-cı ilin cari ilin müalicə və profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilmişdir.

DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Teleqraf.com-a verdiyi məlumata görə, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar araslnda nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında isə brusellyoza görə serioliji müayinələrin aparılması məqsədi ilə qanalma tədbirlərinə başlanılıb.

Yolçu Xanvəlinin sözlərinə görə, hazırda xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir.
Qurum rəsmisi baytarlıq apteklərində də reyd keçirildiyini bildirib. Heyvan həyatı üçün təhlükəli olan, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının istehsalı və satışının qarşısını almaq məqsədi ilə yanvarın 7 və 8-də reyd keçirib. Reyd zamanı Bakı şəhərində iki baytarlıq aptekindən 70 kq-dan yuxarı kustar üsulla hazırlanmış saxta, keyfiyyətsiz helmisit qranulyat antihelmint dərman maddəsi aşkar olunaraq götürülüb. Həmin dərman preparatlarının yoxlanılması məqsədi ilə müvafiq laboratoriya müayinəsi aparılıb. Analizin nəticələrinə əsasən bu dərmanların saxta, kustar üsulla hazırlandığı və keyfiyyətsiz olması müəyyən edilib.

Həmçinin Yevlax rayonunda da reyd keçirilmişdir. Reyd nəticəsində Xəlilov Səməd Mikayıl oğluna məxsus Yevlax rayonu S.Ruhulla küçəsi, mənzil 37 ünvanında yerləşən baytarlıq dərman preparatları saxlanan anbarından və baytarlıq aptekindən 23 adda 500 kq-a yaxın vaxtı keçmiş, 8 adda 5 kq-a yaxın qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyən, normativ texniki-sənədlərin tələblərinə cavab verməyən, mənşəyinə dair heç bir sənədi olmayan baytarlıq dərman preparatları aşkar edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilmək məqsədi ilə götürülüb. Həmin dərman maddələrindən də nümunələr götürülərək müayinə üçün müvafiq laboratoriya göndərilib.

DBNX rəsmisi deyib ki, mənşəyi məlum olmayan, saxta, kustar üsulla hazırlanmış baytarlıq dərman preparatlarının satışının və istehsalının qarşısının alınması üçün reydlər bundan sonra da davam etdiriləcək. Bu kimi işlərlə məşğul olanlar barəsində daha ciddi inzibatı tədbirlər görüləcək.

SEVİL


Müəllif: