13 Yanvar 2016 11:30
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universitetinin (ATU) professoru, Prezident təqaüdçüsü Ayaz Kəngərli vəfat edib.

A.Kəngərli universitetin Maşın və mexanizmlər nəzəriyyəsi kafedrasında çalışıb.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Kəngərli 1930-cu ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. 1947-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirib, 1952-ci ildə Azərbaycan Politexnik institutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirərək avtomobil üzrə mühəndis-mexanik ixtisası alıb.
1952-1956-cı illərdə Azərbaycan Respublikası avtonəqliyyat nazirliyinin avtomobil bazalarında işləyib.

1957-ci ilin fevral ayında Azərbaycan Politexnik institutu "Maşın detalları" kafedrasının assistenti vəzifəsinə qəbul edilib, 1960-cı ildə həmin kafedranı baş müəllimi, 1970-ci ildən dosenti, 1990-cı ildə “Maşın və mexanizmlər” kafedrasının professoru seçilib.

A. Kəngərli 1969-cu ildə neft maşınlarının dinamikasına aid namizədlik dissertasiyası müdafiə edib, 1972-ci ildə dosent, 1990-cı ildə professor elmi adını alıb.

A. Kəngərli "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının yara­dıcısıdır, 1970-1982 və 2003-2013-cü illərdə ona rəhbərlik edib. Həmin illərdə kafedranın laboratoriya bazası yaradılıb, kurs layihələrinin mövzuları və yerinə yetirilmə qaydaları müasir səviyyəyə yüksəldilib.

1978-1983-cü illərdə "Avtonəqliyyat" fakültəsinin dekanı, 1994-1999-cu illərdə Universitetin xarici əlaqələr üzrə prorektoru vəzifələrində işləyib.
2002-ci ildə yenidən "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri vəzifəsinə seçilib.

102 elmi, metodik və tədris əsərlərinin, o cümlədən 2 dərsliyin, 1 dərs, çoxlu sayda metodik vəsaitin, iki ixtiranın müəllifidir. Onun hazırladığı çoxlu sayda işləyən mexanizmlərin animasiyaları "maşın və mexanizmlər nəzəriyyəsi" fənnindən aparılan mühazirələrdə istifadə olunur. A.Kəngərlinin rəhbərliyi ilə 3 aspirant texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya yazıb müdafiə ediblər.

O, respublika, ümumittifaq və beynəlxalq konfranslar və müşavirələrdə çıxışlar edib./report.az


Müəllif: