14 Yanvar 2016 16:08
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqsəd ABŞ-ın 2 milyonluq Koreya icması ilə münasibətlərin qurulması olub

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda ABŞ-da yaşayan Koreya icmasının aparıcı nümayəndələri ilə geniş görüş keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, “Dinlərarası Harmoniyanın Təşviqi” devizi altında təşkil olunan görüş Koreya icması ilə bu səpkidə indiyədək keçirilən ilk tədbir kimi yadda qalıb. Tədbirin başlıca məqsədi ABŞ-ın ən nüfuzlu icmalarından olan, təxminən 2 milyondan çox Koreya mənşəli amerikalını özündə birləşdirən Koreya icması ilə qarşılıqlı faydalı münasibətlərin qurulması olub.

Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu KCCD təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreya icmasının aparıcı nümayəndələri və Koreya media qurumlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsul Nəsimi Ağayev tədbiri açaraq, Azərbaycanın tarixi, çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri mövzusunda çıxış edib. Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi inkişaf yolundan danışan diplomat, bu səpkidə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, ulu öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və nəticədə Azərbaycanın dünyanın ən sürətlə müasirləşən dövlətlərindən birinə çevrilməsindən bəhs edib.

Azərbaycanla Koreya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu yaxın münasibətlərin ABŞ-da da davam etdirilməsinin vacibliyini qeyd edən baş konsul, ABŞ-ın Koreya icması ilə birgə uğurlu əməkdaşlıq üçün kifayət qədər potensialın olduğunu söyləyib. Diplomat vurğulayıb ki, Azərbaycan və Koreya dillərinin eyni dil ailəsinə – Altay dil ailəsinə mənsub olması hər iki xalq arasında qardaşlıq bağlarının yaranmasına gözəl zəmin yaradır.

Tədbirdə çıxış edən KCCD təşkilatının rəhbəri Heypin İm, təşkilatın idarə heyətinin həmsədrləri Con Park və Uqi Kim belə bir tədbirin keçirilməsindən məmnun qaldıqlarını ifadə edərək, səmərəli əməkdaşlıq üçün belə görüşlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər. Natiqlər Azərbaycanın tolerantlıq və multukulturalizm sahəsində əldə etdiyi tarixi nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayaraq, hazırda beynəlxalq aləmdə dini və mədəni zəminlərdə cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycanın tolerantlıq modelinin daha geniş şəkildə təbliğ edilməsinin zəruriliyini bildiriblər.

Koreyanın 26 milyon izləyicisi olan tanınmış TVK telekanalı tədbir barədə reportaj yayımlayıb.

Səxavət


Müəllif: