14 Yanvar 2016 22:35
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya yeni qəbul edilmiş gənc alim və mütəxəssislərlə görüşüb, onlara tövsiyə və tapşırıqlarını verib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, rektor bildirib ki, rəhbərlik etdiyi universitet BDU dünyanın bir sıra qabaqcıl elm və tədris müəssisələri ilə əməkdaşlıq edir, hər il ümimi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dən çox yerli və beynəlxalq proqramlarda iştirak edir. O, doktorantları bu layihələrə qatılmağa çağırıb.

Bu ildən başlayaraq Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradılacağını deyən rektor doktorantlara bu bazadan yararlanmağı məsləhət görüb. Eyni zamanda doktorantların elmi rəhbər məsələsinə toxunan rektor bildirib ki, dünya elminə inteqrasiya, innovativ istiqamətlərin inkişaf etdirilməsi və keyfiyyətin yüksəldilməsi üçün hər bir doktoranta biri xarici ölkədən olmaqla iki elmi rəhbərin və ya məsləhətçinin təyin olunması məqsədəuyğundur.

Fakültə dekanlarına və kafedra müdirlərinə bu məsələdə doktorantlara yardımçı olmağı tapşıran rektor qeyd edib ki, ehtiyac yarandıqda təcrübə mübadiləsi və elmi-tədqiqat işi aparmaq üçün doktorantların xarici ölkələrə ezam edilməsi, o cümlədən xarici ölkələrdən olan elmi rəhbərlərin ölkəmizə dəvəti, onların elmi müzakirələrdə və müdafiə proseslərində iştirakları universitet tərəfindən qarşılanacaq.
Tədbirdə daha sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Magistratura və Doktorantura şöbəsinin müdiri Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər veriblər.

SEVİL


Müəllif: