15 Yanvar 2016 13:07
420

Ekspert: “Rəsmi qeydiyyata alınmamış nikah körpələrin küçələrə atılmasına səbəb olur”

“Azərbaycanda qanunvericilik qeyri-rəsmi nikahdan doğulan uşağa anasının soyadının verilməsinə imkan verir. Amma bir çox analar bu cür uşaqların daha çox öz doğma atalarının soyadında qeydiyyata alınmasını istəyirlər. Bu da ciddi problemlər yaradır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Komitəyə belə hallarla bağlı müraciətlərin daxil olduğunu deyən Taliyə İbrahimov qeyd edib ki, Azərbaycan qanunvericiliyində rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabər olsa da, təcrübədə müəyyən çətinliklər ortaya çıxır.

Məhkəmə vasitəsilə uşağından imtina...

Bu çətinliklərin məhz rəsmi nikahın bağlanmaması səbəbindən yarandığını deyən komitə rəsmisi əsas problemin nikahdankənar doğulan uşaqların atalığının müəyyənləşdirilməsi ilə bağlı olduğunu açıqlayıb: “Komitəyə bu məsələ ilə bağlı çoxlu müraciətlər daxil olur. Məlum olur ki, qadınlar bu cür uşaqlarla bağlı müəyyən çətinliklərlə rastlaşırlar. Təbii, qanunvericilik yol verir ki, həmin uşaq anasının soyadında qeydiyyata alınsın və ona doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı ananın soyadı kimi göstərilsin. Ata qrafasında isə ananın göstərişi ilə atanın adı yazılsın. Ancaq bir çox analar uşaqlarına öz soyadlarını deyil, uşağın atasının soyadını vermək istəyirlər”.

Taliyə İbrahimova qeyd edib ki, bəzən atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarına soyadlarını vermək istəmirlər. Kişilərin öz uşaqlarına soyad verməsindən imtinasının əsas səbəbi isə alimentlə bağlı olur: “Bəzi atalar məhkəmə vasitəsilə öz uşaqlarından imtina edirlər. Belə hallar çoxdur. İmtinanın səbəbi kimi göstərirlər ki, uşaqlarına görə alimentin təyin olunmasını istəmirlər. Digər tərəfdən, varislik məsələsi də ortaya çıxa bilər. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək”.

Sayı əvvəlkindən 5-6 dəfə çoxdur

Komitə səlahiyyətlisi bildirib ki, belə halların baş verməməsi üçün insanlar daha ciddi, məsuliyyətli olmalı, qeyri-rəsmi nikahdan uşaq doğulmasının sonradan hansı fəsadlar yarada biləcəyini başa düşməli, rəsmi nikah əsasında ailə qurmalıdırlar: “Bu gün Azərbaycanda kəbin əsasında ailə quranlar da var. Hətta bəzi şəxslərdən rəsmi nikaha daxil olduğunu soruşanda, kəbin əsasında ailə qurduqlarını deyirlər. Bu kəbinlərin fərqləndirilməməsi insanlarda müəyyən problemlər yaradır. Bu istiqamətdə geniş maarifləndirmə işləri aparırıq. Bizim təbliğatımız da əslində bundan ibarətdir ki, ailələri bu sahədə maarifləndirək və onlara problemləri göstərək”.

Qeyd edək ki, Azərbaycanda 1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edərək 27 031-ə çatıb.

Bu göstərici isə 1990-cı illə müqayisədə 5,6 dəfə çoxdur. Sonrakı iki ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalaraq 2013-cü ildə 25 069, 2014-cü ildə isə 25 486 olub.

“Uşaq 10 yaşına çatır, sənədi olmur”

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev deyir ki, qeyri rəsmi nikah probleminin qarşısını almaq lazımdır ki, onun yaratdığı fəsadlarla mübarizə daha effektiv olsun: “Bir çox hallarda doğumdan sonra ataların çoxu üzə çıxmır. Bu halda ana öz körpəsinə soyadını vermək məcburiyyətində qalır. Atanın adını verməməsi onu ictimai qınaqdan, gələcəkdə aliment öhdəliyindən və mülkiyyət üzrə problemlərdən qorumaq məqsədi daşıyır. Bəzən uşaq üçün sənəd alınmasının gecikməsində ata və ana arasında bu məsələlərə görə razılaşmamanın olmaması səbəb olur. Təcrübədə bir çox hallarda uşaqlar 10 yaşına çatır, amma sənədi olmur”.

Ekspertin sözlərinə görə, qeyri-rəsmi nikah həm də arzu olunmayan uşaqların küçələrə atılmasına gətirir : “Xüsusən, qeyri-rəsmi erkən nikahlar erkən hamiləlik və uşağın dünyaya gətirilməsi zamanı ölüm, vaxtından əvvəl doğum, doğuş zamanı ağırlaşmalar, aşağı çəki ilə doğulma riskini, eləcə də yeni doğulmuş körpənin sağ qalmaması ehtimalını artırmış olur”.

İlhamə Əbülfət


Müəllif: