9 İyun 2014 11:19
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə əlaqədar mərasim keçirilib.

Teleqraf.com-un məlumatına görə, mərasimdə fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları DSXX-nın su nəqliyyat vasitələri, müasir xilasetmə texnika və avadanlığı ilə tanış olublar. Mərasimdə məlumat verilib ki, sularda xilasetmə işlərinin daha keyfiyyətli aparılması məqsədilə kadrlar hazırlanmış, xilasetmə məntəqələri üçün inzibati binalar tikilib. Xidmət tərəfindən rəsmi çimərliklərdə xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı lövhələr quraşdırılmış, broşürlər paylanıb. Eyni zamanda, vətəndaşlara onların təhlükəsizliyi üçün rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunub.

Bundan başqa, FHN DSXX xidmət su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün 400-dən artıq şəxsi heyət və 200-ə yaxın texnika və avadanlığı ilə xilasetmə işlərini ildən-ilə təkmilləşdirir, baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqlar 42 struktur bölmə və mövsümi fəaliyyət göstərən xilasetmə postları vasitəsilə həyata keçirilir.

Bütün bu tədbirlərin nəticəsidir ki, son üç ildə FHN-nin xilasedicilərinin fəaliyyət göstərdikləri rəsmi çimərliklərdə bir nəfər də suda boğulma hadisəsi baş verməyib. Çimərlik mövsümündə suda boğulma halları qeyri-çimərlik ərazilərində baş verir. Ona görə də vətəndaşların qeyri-çimərlik ərazilərində istirahət etməmələri tövsiyə olunur. Ümumilikdə isə, 2005-ci ildən 2014-cü ilə qədər çimərlik və qeyri-çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşmiş 3349 nəfər vətəndaş Xidmətin xilasediciləri tərəfindən xilas olunub.

Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk yardımın göstərilməsi bacarıqlarını nümayiş etdiriblər.

Naibə QURBANOVA


Müəllif: