19 Yanvar 2016 15:43
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Komitə sədri Mübariz Qurbanlı 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səlnaməsi kimi daxil olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib: “20 Yanvar faciəsi zamanı həlak olan dinc sakinlərin içərisində azərbaycanlılarla yanaşı, digər xalqların və dinlərin nümayəndələri də var idi. Bu bir daha göstərir ki, Azərbaycançılıq ideyası ölkəmizdə yaşayan bütün xalqlara məxsus ideyadır”.

Günahsız insanların qətli ilə nəticələnən bu faciəyə ilk dəfə siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyevin verdiyini və onun hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycan əleyhinə xəyanətkar siyasətinə qarşı çıxaraq ölkəmizin haqq səsini müdafiə etdiyini vurğulayan M.Qurbanlı bildirib ki, bu, informasiya blokadasının olduğu çətin bir vaxtda olduqca vacib addım idi.

Tədbirdə çıxış edən millət vəkili Fəzail Ağamalı bildirib ki, 26 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. O, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin müstəqilliyə aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsi olduğunu bildirib.

Qafqaz Müsəlmanlari İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycan Respublikası Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, “Həyat Sözü” protestant dini icmasının başçısı Rasim Xəlilov çıxış edərək, 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb, bu günün təkcə matəm günü yox, həm də milli qürur günü kimi tariximizə həkk olunduğunu bildiriblər.

BƏXTİYAR


Müəllif: