21 Yanvar 2016 14:05
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Brüsselin “Husa President Park” otelinin sərgi salonunda 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün “Qara Yanvar Avropalı rəssamların gözü ilə” adlı sərginin açılışı və anım mərasimi təşkil edilib.

Mərasim 20 yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilmiş və qanlı hadisələrin görüntülərini əks etdirən videomaterial, eyni zamanda belçikalı rəssamlar Stefan de Blok, Maaike Beuten, Kito Sino, Boris Metçinski və əslən azərbaycanlı Əli Seyran İmanzadənin faciəyə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdiklərini vurğulayaraq, bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu qeyd edib.

Səfir Fuad İsgəndərov və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mərasimdə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat veriblər. Natiqlər sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyi, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd etmiş, doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Mərasim Brüssel Kral Konservatoriyasının musiqiçiləri, skripkaçı Daniel Bartos və pianoçu Guilio Cilona’nın ifasında səslənən kədərli Azərbaycan musiqisi sədaları altında davam edib.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, KİV nümayəndələri, azərbaycanlı tələbələr, Səfirlik və NATO yanında nümayəndəliyimizin əməkdaşları və ailə üzvləri iştirak ediblər./trend.az


Müəllif: