23 Yanvar 2016 15:42
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xanəndə Kəmalə Abbasova uzun illərdir ki, musiqi təhsili almasına, bu sənəti sevməsinə baxmayaraq, efirlərdən çox uzaqdır. Sənət fəaliyyətini lazımi şəkildə davam etdirmədiyinə görə çox əzab çəkən xanəndə hisslərini bizimlə bölüşəndə duyğulandı.

Onunla qısa müsahibəni təqdim edirik:

- Kəmalə xanım, öncə özünüz haqda məlumat verin. Xanəndə olmaq qərarına necə gəldiniz?
- Mənim atam qarmon ifaçısı olub, Vahid Abdullayevlə toylara gedib. Amma heç vaxt şəhər toylarında çıxış etməyib. Yəni ailəmizdə musiqiçi olub, bəlkə də musiqiyə bu qədər həvəsi məndə o yaradıb. Musiqiyə, muğama uşaq yaşlarımda vurulmuşam. Hələ məktəbdə oxuyurdum, amma artıq bütün məktəb tədbirlərində çıxış edirdim. İfa etməyi çox sevmişəm. Musiqi özünüifadədir, mən də istəmişəm ki, xalqıma, millətimə sənətimlə, səsimlə xidmət edim.

- İlk dəfə səsinizi kim kəşf edib?
-Uşaqlıqdan oxuduğuma görə ailəm səsimin olduğunu bilib. Peşəkar səviyyədə isə ilk dəfə səsimə tanınmış pedoqoq - xanəndə Qəzənfər Paşayev qulaq asıb və bəyənib. Sonra sənədlərimi Milli Konservatoriyaya vermək qərarına gəldim. Qəbul prosesində mənə dedilər ki, burada oxumaq üçün mənim başqa musiqi təhsilim olmalıdır. Sağ olsun, Mənsum müəllimin yardımı ilə Asəf Zeynalı adına musiqi kollecinə sənəd verdim və qəbul olundum. Fikrimcə, təhsil almaq çox önəmlidir. Əgər sən sevdiyim sənətin dalınca getmək, uğur qazanmaq istəyirsənsə, peşəkar səviyyədə onun təhsilini də almalısan.

- Deyəsən, musiqi sahəsində təhsilə gec başlamısınız. Ümumiyyətlə, sənətlə gec məşğul olmağa başlamısınız.
- Bəli, təəssüflər olsun ki, belə alınıb. Bayaq dediyim kimi, məktəb vaxtında oxusam da, təhsilim olmadığına görə iddialarım da yox idi. Fikirləşirəm ki, o vaxtlar oxuduqlarım peşəkar səviyyədə olmayıb. Xanəndə olmaq qərarına gələndə isə ilk olaraq bu işin təhsilini almağı seçdim. Oxudum, amma indi televiziyaların efirlərinə baxıram ki, ifaçılıqda heç bir təhsil müəssisəsini bitirməyənlər nələr edirlər, nələr. Amma mən muğam təhsili almışam. Bəs nəyə görə mən kənarda qalmalıyam?

- Konservatoriyanı nə zaman bitirmisiniz?
- 2007-ci ildə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşam. 2010-cu ildə oranı bitirib, sənədlərimi Milli Konservatoriyaya vermişəm. 2014-cü ildə isə Konservatoriyanı bitirmişəm. Arif Babayevin tələbəsi olmuşam, daha sonra Firuz Səxavətdən dərs almışam. Mən ali təhsilli ifaçıyam.

- Kəmalə xanım, niyə kənarda qalırsınız? Niyə sizi dəvət etmirlər efirlərə, tədbirlərə?
- 2014-cü ilin dekabr ayında Filarmoniyada keçirilən dövlət tədbirində oxumuşam. Ondan başqa heç yerdə oxumamışam və dəvətlər də almıram. Hara gedirəm, hamı deyir ki, tanınmırsan. Tanınmaq üçün də axı şərait yaradılmalıdır.

- Muğam ifaçılarının tanınması və özlərini sübut etməsi üçün uzun illərdir ki, Muğam Müsabiqəsi təşkil olunur. Ora müraciət etmisinizmi?
- Bəli, etmişəm. Əvvəllər təhsilim olmadığına görə özüm cəhd göstərmirdim. Sonra təhsil aldım və Muğam Müsabiqəsinə sənədlərimi verdim. Amma yaşımı bahənə gətirdilər. Bildirdilər ki, müsabiqədə iştirak üçün iştirakçının maksimum 30 yaşı olmalıdır. Bir sözlə, məni qəbul etmədilər, kənarda qaldım. Allah bu səsi mənə verib, mən səhnə fəaliyyətimlə məşğul olmaq istəyirəm. Millətimə, xalqıma xidmət göstərmək istəyirəm, amma hara gedirəmsə, bütün qapılar üzümə bağlanır. Kasıbçılıqla universiteti bitirmişəm, di gəl ki, özümə iş tapa bilmirəm. Neçə dəfələrlə kanallara müraciət etmişəm, hamısı deyir ki, səni tanımırıq. Heç olmasa, bir kanalda oxusaydım, məni tanıyan olardı. Neçə dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə, dövlət qurumlarına məktublar yazmışam.

- Adətən, tanınmaq üçün müğənnilər kanallara maliyyə ödəməli olurlar. Tanınmayanlarla bağlı yazılmamış şərtlərdən biridir, desək, yanılmarıq.
- Mənim pulum yoxdur. Məncə, bu haqsızlıqdır.

- Dediniz, Filarmoniyada çıxış etmisiniz. Kimin dəvəti ilə?
- Filarmoniyanın dirijoru Ağaverdi müəllim mənim Konservatoriyada müəllimim olub. Onun təşəbbüsü ilə bir dəfə orada keçirilən tədbirdə iştirak etmişəm. O da deyir ki, bu cür tədbirlərə tanınmış xanəndələr buraxılır. Ona görə mən qıraqda qalıram. Mənə heç kəs dəstək olmur. Bir dəfə Mənsum İbrahimova müraciət etdim, istəyirdim ki, “Gəncləşən muğam” layihəsində iştirak edim. Amma o, da mənə dedi ki, bu layihədə Muğam Müsabiqəsinin iştirakçıları və üstəlik Mədəniyyət və Turizm Nazirliyinin təsdiqlədiyi xanəndələr yer alır. Yəni doğurdanmı məni o səhnəyə buraxsaydı, nazirlik sərt addım ata bilərdi? Başa düşə bilmirəm.

- Bəs toylara necə, dəvət alırsınız?
- Bir-iki dəfə getmişəm, amma tanınmadığıma görə heç kim toylara aparmır. Bir adam tapmıram ki, səsimə qulaq assın, qiymət versin. İnanın, ağlamaqdan, stress keçirməkdən səsim batıb. Sənətimlə gəlir əldə edə bilmirəm ki, maliyyə xərcləyib yeni mahnılar yazdırım. Çox çarəsiz vəziyyətdir. Bir vaxtlar orta məktəbdə musiqi müəlliməsi işləmişəm. Hətta işlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də məktub yazmışam, onlar da qeyd edirlər ki, yerlər artıq tutulub.

- Sənət dostlarınız kimlərdir?
- Əksəriyyəti ilə münasibətim var. Günay İmamverdiyeva, Səbinə Ərəbli və başqaları. Mən bu sənəti sevirəm və çox istəyirəm ki, sənətdə qalım, xanəndə kimi fəaliyyət göstərim. Bu arzumdur. Amma təəssüflər olsun ki, bu arzunun həyata keçməsi üçün şərait və imkan yoxdur.

Nərmin Muradova


Müəllif: