9 İyun 2014 16:29
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA İnsan Hüquqları İnstitutu Elmi Şurasının qərarı ilə “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik monumental əsərin üçüncü cildi işıq üzü görüb.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, kitab yazıçı publisist, əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim, professor Rövşən Vəlizadənin zəhmətinin bəhrəsidir: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampanıyasının 5 illiyinə həsr edilmiş bu üç cildlik kitab beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən, Xocalı yaşayış məntəqəsində törətdikləri soyqırımdan bəhs edir”.

Məlumatda daha sonra bildirilir ki, kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslində, bu əsər ümumilikdə Qarabağ faciəsini bütün kəskinliyi və amansızlığı ilə əks etdirir. Zəngin fakt və sənədlərlə əhatələnmiş kitabın ilk iki cildinin təqdimatı geniş ictimaiyyətin, dövlət nümayəndələrinin iştirakı ilə keçirilib.

Sonuncu cildin səciyyəvi xüsusiyyətlərindən biri odur ki, burada “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampanıyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə, “Xocalıya Ədalət!” hərakatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinə xüsusi diqqət verilib.

Kitabın üçüncü cildində xüsusi diqqət çəkən məqamlardan biri də məhz erməni mənşəli dünya alimlərinin tarixi faktlar haqqında söylədikləri fikirlərdir. Bu ziyalılar dövrü mətbuat səhifələrində və elmi-tədqiqat əsərlərində öz erməni həmkarlarına tarixi həqiqətləri təhrif etmələri barədə sərt ittihamlar söyləyiblər. Nümunə kimi bu məqalələrdən bir neçəsi kitabın məhz sonuncu cildində oxuculara təqdim edilib.

NİGAR


Müəllif: