27 Yanvar 2016 21:06
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Aşkenazi sinaqoqunda Beynəlxalq Holokost qurbanlarının Anım Günü ilə bağlı mərasim keçirilib.

Tədbirdə çıxış edən Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Holokostun XX əsrin ortalarında nasistlərin planlı şəkildə yəhudilərin kökünü kəsmək siyasəti olduğunu deyib. O bildirib ki, 1933-cü ildən 1945-ci ilədək ümumilikdə 6 milyon yəhudi qətlə yetirilib.

G.Zelmanoviç eyni hadisələrin elə 20-ci əsrdə Azərbaycanda, Xocalıda baş verdiyini xatırladıb: "Həmin gün insanlar həqiqətən faciə yaşayıb. Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı təcavüzünü təsdiq etməyib. Ancaq tarix göstərir ki, şər mütləq cəzasını alacaq".

Daha sonra tədbirdə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, pravoslav, katolik kilsələrinin və yəhudi sinaqoqunun Azərbaycandakı nümayəndələri Holokost qurbanlarının xatirəsinə ehtiram olaraq şam yandırıblar.

Tədbirdə çıxış edən dövlət müşaviri K.Abdulla 20-ci əsrin ortalarında 6 milyon insanın dini və milli mənsubiyyətinə görə qətlə yetirilməsinin insanları həmişə dəhşətə gətirəcəyini bildirib: "Biz yəhudi xalqının dərdinə, yəhudi həmvətənlilərimizin dərdinə şərikik".

Onun sözlərinə görə, faciənin böyüyü, kiçiyi olmur: "Belə bir faciə 20-ci əsrin ortalarında azərbaycanlıların da başına gətirilib. Biz Xocalını anarkən yəhudiləri həmişə yanımızda görürük. Eyni zamanda Holokostu anarkən, biz yəhudilərin yanındayıq".

İsrailin Azərbaycandakı səfiri Dan Stav çıxış edərək yəhudilərin yaşadığı faciə barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycanda yaşayan yəhudilər, eləcə də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş 60/7 saylı qətnaməyə əsasən, hər il yanvar ayının 27-si Beynəlxalq Holokost qurbanlarının Anım Günü (İnternational Holocaust Remembrance Day) qeyd edilir.


Müəllif: