Əhalinin bəzi qrupları – yaşı 65-dən çox olanlar, qocalar və əlillər üçün olan stasionar müəssisələrdə yaşayanlar, hamilə qadınlar, xroniki xəstələr, o cümlədən ürək, nevroloji xəstəlikdən əziyyət çəkənlər, 6 ayından 59 ayınadək (6 yaşadək) olan uşaqlarda “donuz qripi” xəstəliyinin ağır formada inkişaf etməsi ilə bağlı böyük risk var. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu insanların hər il qripə qarşı vaksin edilməsini tövsiyə edir.
Bunu barədə ÜST-nin Avropa Regional Bürosunun İctimai sağlamlığın təhlükəsizliyi və yoluxucu xəstəliklər bölməsinin direktoru Nedret Emiroğlu deyib.
Onun sözlərinə görə, 2009-cu ildə pandemiya yaradan, "donuz qripi" kimi tanınan A/H1N1 virusuna yoluxma nəticəsində 100 000 – 400 000 nəfər insan dünyasını dəyişib. Bu virus hələ də mövsümi qrip viruslarından biri kimi, insanların arasında yayılmaqda davam edir: “A/H1N1-in bu pandemiyasından sonra hər il kəskin respirator virus infeksiyalarının mövsümü dövründə müxtəlif viruslar üstünlük təşkil etsə də, H1N1 virusu H3N2 ilə bərabər dövr edir. 2015-2016-cı il mövsümündə Avropanın bir neçə ölkəsində H1N1 qripi ilə əlaqədar xəstəliyin ağır və ölümlə nəticələnməsi halları müşahidə olunur”.
ÜST rəsmisi qeyd edib ki, virusun yayıldığı ölkələrdə, xüsusilə gənclər, hamilə qadınlar arasında A/H1N1 qripindən ağır yoluxma və ölüm hallarının artımı gözlənilə bilər.
N.Emiroğlu hesab edir ki, A/H1N1 qripin yeni tipi olduğundan 2009-cu ildə dünya əhalisi bu virusa qarşı zəif immunitetə malik idi: "Qripə qarşı vaksin bu virusdan müdafiəni təmin edir. Onun fikrincə, hazırda istifadə edilən vaksin indiki qripə qarşı mühafizəni kifayət qədər təmin edəcək".
O, əhaliyə tövsiyə edir ki, özlərində ağır və ya qeyri-adi qrip əlamətlərini müşahidə edən insanlar həkimə müraciət etsinlər. Öskürək, asqırma, boğazda ağrı, başağrısı və azca yüksəlmiş temperatur kimi əlamətləri özündə hiss edən insanlar evdə qala və yerli aptekə müraciət edə bilərlər. Amma bu əlamətlərin özünü göstərdiyi andan başlayaraq, 72 saat ərzində vəziyyəti yaxşılaşmayanlar, xəstəliyi inkişaf edənlər mütləq həkim-terapevtlə məsləhətləşməlidir ki, mümkün qədər qısa müddət ərzində antivirus preparatları - oseltamivir və ya zanamivirlə müalicəyə başlamaq mümkün olsun.
Bölmə direktoru qeyd edib ki, bu müalicəni yubanmadan, qrip analizinin nəticəsinin təsdiqlənməsini gözləmədən etmək lazımdır./Trend/