Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumatda bildirilir.
Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biridir. Həmçinin son illərdə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti də məhz gəncləri əhatə edir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 29 min nəfər işsiz və işaxtaran şəxsin 40 faizini (11604 nəfər) gənclər təşkil edib. Həmin dövrdə ödənişli ictimai işlərə cəlb olunan 1626 nəfərin 29 faizi (471 nəfər), Xidmətin Əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən 4117 nəfərin 42,2 faizi (1738 nəfər) gənclərdən ibarət olub. Gənc işçi qüvvəsinin əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri üçün görülən işlər də uğurla davam etdirilir. Keçən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 4147 nəfər vətəndaşın 71,5 faizi (2964 nəfər) məhz gənclərdir.
Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud gənclərə diqqət və qayğısının növbəti təzahürü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yaradılması həmin gənclərin peşə reabilitasiyası istiqamətində tədbirlərin xeyli güclənməsinə şərait yaradıb. Dövlət başçısının iştirakı ilə açılışı olan bu Mərkəzdə ötən müddətdə ölkəmizin müxtəlif bölgələri üzrə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub.
Prezident İlham Əliyevin dövlət uşaq müəssisələrini bitirən, valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunmasına diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu təbəqədən olan gənclər üçün ötən ilin noyabrında Abşeron rayonunun Masazır qəsəbəsində 120 mənzilli yaşayış binası istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu binada qeyd olunan şəxslərin məşğulluğunun təminatı da diqqətdə saxlanılıb. Belə ki, müəssisədəki iş yerlərində (kafe, bərbərxana, ticarət salonu, stolüstü oyun və internet zalları, camaşırxana və s. ) burada yaşayan gənclərin özlərinin işləməsi nəzərdə tutulub və bununla da ümumilikdə 35 məzunun işlə təminatı üçün şərait yaradılıb.
Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə tədbirlər tələbə və məzunları da əhatə edir. Təkcə ötən il “Karyerada ilk addım” devizi altında respublikanın 11 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə tələbə və məzunlara əmək bazarı barədə ətraflı məlumatlar verilərək onlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulması təmin olunub. Bununla yanaşı, son illərdə tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə praktik bacarıqlara malik olmaları üçün ali təhsil müəssisələrində virtual (təcrübə) müəssisələrinin yaradılmasına başlanılıb. Gənclərin düzgün peşə seçiminin onların gələcəkdə uğurlu əmək fəaliyyəti üçün mühüm önəm kəsb edir və bu məqsədlə təkcə keçən il Dövlət Məşğulluq Xidməti tərəfindən 114,6 min nəfərə yaxın gəncə peşəyönümü məsləhətləri verilib.
Hazırda “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri aparılır və yeni layihədə də gənclərin məşğulluğunun təminatının prioritet istiqamətlərdən biri kimi müəyyən olunacağı nəzərdə tutulur.
Naibə QURBANOVA