3 Fevral 2016 10:45
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu 2015-ci il ərzində beynəlxalq təşkilatlar və digər ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığını daha da inkişaf etdirib.

Bu barədə Teleqraf.com-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Beynəlxalq əlaqələr sahəsində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlar və digər ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlıqdır.

2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri Beynəlxalq Sosial Təminat Assosiasiyası, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Əmək Təşkilatı kimi beynəlxalq təşkilatların 20-dən çox konfrans, seminar, forumlarının iştirakçısı olmaqla, ölkəmizin sığorta-pensiya sisteminə dair təqdimatlarla çıxış ediblər.

Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı və Polşa Respublikasının Sosial Sığorta Təşkilatının nümayəndə heyətinin ölkəmizə səfəri, həmçinin Fondun nümayəndələrinin Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi və Sosial Güvənlik Qurumu, Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyinə səfərləri çərçivəsində Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Ötən il Fondun ev sahibliyi ilə bir sıra beynəlxalq tədbirlər keçirilib. Belə ki, “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək” adlı tvinninq layihəsi çərçivəsində beynəlxalq təşkilatlar və Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən konfranslarda sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə çərçivə planı və normativ hüquqi sənəd layihələri barədə ictimaiyyətin məlumatlandırılması təmin edilib. Bundan əlavə, sığorta-pensiya sisteminin maliyyə modelinin təkmilləşdirilməsi və risklərin çevik idarə olunmasının gücləndirilməsinə xidmət edən müxtəlif ssenarilər üzrə təhlillərin aparılması, simulyasiyaların verilməsi, PROST modelinin tətbiqi kimi məsələlər də Fondun Avropa İttifaqı, Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində təşkil edilmiş tədbirlərin əsas müzakirə mövzuları olub.

Bu tədbirlər ölkəmizdə aparılan islahatların aparıcı beynəlxalq təşkilatlar tərəfindən diqqət mərkəzində saxlanılmasının, həmçinin ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığa göstərdiyi marağın bariz nümunəsidir.


Müəllif:

Oxşar xəbərlər