Təhsilin bütün yükünü öz üzərinə götürən, pedaqogikanın əsas hissəsi olan, təlimin ayrı-ayrı fənlər üzrə tədris qaydalarını özündə ehtiva edən metodik xidmətin ləğvi, metodistlərin mentorlarla (müəllim peşəkarlığına yardım) əvəz edilməsi barədə fikirlər səsləndirilir.
Ölkə üzrə məktəb metodistlərinin fəaliyyətinə Təhsil Problemləri İnstitutu, paytaxtda isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində fəaliyyət göstərən Metodiki Mərkəz nəzarət edir.
Təhsil sahəsi üzrə əksər mütəxəssislər metodistlərin fəaliyyətinin təkmilləşməsinə tərəfdardır, nəinki metodiki xidmətin fəaliyyətinin dayandırılmasına.
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, metodika və metodiki xidmət təhsilin keyfiyyətinin yüksəldilməsində və müəllimlərin hazırlığı, peşəkarlıq səviyyəsinin artırılmasında böyük əhəmiyyətə malikdir. Ekspert deyir ki, metodika zaman keçdıkcə təkmilləşə, yeniləşə bilər, ancaq bir tədris üsulu kimi mahiyyətini və rolunu itirə bilməz: “Metodika anlayışı (yunanca methodike) mahiyyət etibarı ilə fəaliyyətin həyata keçirilməsinin müəyyənləşdirilmış bir üsuludur. Başqa kontekstdə, metodika qabaqcadan nəzərdə tutulmuş nəticələrə nail olmağa yönəldilmış praktiki fəaliyyət üsullarının məcmusudur.
Texnologiya anlayışına yaxın olub, bir qayda olaraq, hazır “resept”, bir növ hər hansı bir məqsədyönlü fəaliyyətin həyata keçırilməsi üçün alqoritm, prosedur rolunu oynayır. Metodika üsul və vəzıfələrinin konkretliyinə görə metoddan fərqlənir.
Tədris metodikası təlim və tərbiyə ilə bağlı fəaliyyət prosesinin, pedaqoji fəaliyyət texnikasının konkret üsul və vasitələrinin toplusu olmaqla, təlimin ümumtəhsil, inkişafetdirici, tərbiyəedicı, praktiki məqsədlərini və təlimin məzmunu, prinsipləri, vasitələri, formaları və metodları kimi komponentləri özündə birləşdirir. Metodika illər boyunca formalaşan səmərəli nətıcələrin əldə edilməsi vasitəsinə çevrilən və nəsildən-nəslə ötürülən ənənədir".
Təhsil eksperti hesab edir ki, müasirləşmək, yeniləşmək heç də uzun illərdən bəri qazanılmış təcrübədən, toplanmış potensialdan imtina etmək anlamına gəlməməlidir: “Ölkənin 70-dən artıq şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəz fəaliyyət göstərib. Bu metodik kabinetlər və Metodik Mərkəzdə 700-dən artıq metodist və 100-dən artıq texniki işçı çalışıb. Bir vaxtlar ”öyrədənləri öyrədənlər" adlandırılan metodistlərin günahı nə oldu ki, birdə-birə onların tədqiqatçılıq, yaradıcılıq, istiqamətvericilik fəaliyyətini məhdudlaşdırdılar, “inspektor”ları “məsləhətçi”yə çevirərək məsləhət verməli olanları məsləhət vermək hüququndan məhrum etdilər? Məktəblər metodistlərin üzünə qapadıldı.
Metodik kabinetlərə və Metodik Mərkəzə bir növ “cərimə batalyonu” kimi baxıldı. Təhsildə “başdan edilməli” kateqoriyasına daxil edilənlər 0,5 və hətta 0,25 ştat vahidi ilə bu mərkəzlərdə yerləşdirildi. Yalnız müəyyən “imtiyazları” olan metodistlərin kiçik bir qismı məktəblərdə yarım stavka dərslə təmin olunmaq şərəfinə nail ola bildi. Hazırda təkcə Bakı şəhəri üzrə 116 metodist ştatı boşdur".
Nadir İsrafilov dedi ki, metodiki xidmət bütün ölkələrdə bu və ya digər formalarda tətbiq edilib və edilməkdədir: “Məsələn, ABŞ və Avstraliyada kurikulum departamentləri, Hollandiyada qiymətləndirmə mərkəzləri, qonşu Türkiyədə təlim və tərbiyə qurumları, Litvada Təlimin İnkişaf Mərkəzi, Gürcüstanda Resurs Mərkəzi bilavasitə ölkə və şəhər səviyyəsində metodiki xidmətin təmin olunmasına yönəlib.
Müəllimin hazırlıq səviyyəsi onun simasını müəyyən edir. Deməli, müəllimə daim xidmət göstərilməli və xidmətləri müqabilində qiymət verilməlidir. İstər, bunu metodiki xidmət adlandıraq, istərsə mentorluq xidmətı.
Adın nə fərqi var?
Bəlkə, hesab olunur ki, heç bu quruma ehtiyac yoxdur? Kompüter əsrində yaşayırıq. Müəllimlərimiz özünütəhsil yolu ilə virtual aləmdən yararlanaraq təlimlərə, kurslara, treninqlərə cəlb olunmaqla da öz metodiki hazırlıqlarını təmin edə bilər, nəzəri və praktik biliklərə yiyələnərlər. Müasirləşmək o anlama gəlmir ki, qərbə dönüb şərqə arxa çevrilsin, yaxud əksinə. Hər iki sistemin məqbulunu təqdir, məchulundan imtina etməliyik. Əməkdar artistlərimizi tanıyırıq, əməkdar müəllimlərimizi yox. Belə davam etsə, yəqin ki, “metodist müəllim” adı da unudularaq arxivə veriləcək. Zənnimcə, bu barədə düşünməyimizə dəyər".
“Təhsil inkişaf mərkəzi” layihəsində nə var?
Təhsil Problemləri İnstitutunun əlavə təhsilin kurrikulumu şöbəsinin müdiri Afaq Əliyevanın sözlərinə görə, institut hər il yerlərdə metodik mərkəzlərin hesabatlarına uyğun olaraq arayışlar hazırlayıb Təhsil Nazirliyinə təqdim edir. Bu hesabatları təhlil etdikdə məlum olub ki, metodiki kabinetlər Təhsil Strategiyasından irəli gələn “səriştəli təhsil” məsələsini reallaşdırmaqda problemlərlə qarşılaşırlar: “Ona görə biz ”Təhsil inkişaf mərkəzi" adlı bir layihə hazırlayıb nazirliyə təqdim etdik. Layihədə nəzərdə tutulur ki, təhsil idarələrinin nəzdindəki metodiki şöbələrin həm strukturu yenilənsin, həm də ora peşəkar, innovativ ideyalarla zəngin olan, təhsilə yeni nəzərlərlə baxa bilən kadrlar cəlb olunsun.
Hazırda metodiki kabinetlərin bir problemi də odur ki, nə sərbəst büdcələri var, nə sərbəst qurumdurlar. Biz təklif edirik, yeni yaradılacaq qurumun həm vahid tabeliliyi olsun, həm də pedaqoji kadrların problemini öyrənə bilsin".
Afaq Əliyeva dedi ki, il ərzində regional təhsil idarələri yaradılması gözlənilir, amma fəaliyyət göstərəcək metodiki xidmət qurumunun ayrıca, yaxud bu idarənin nəzdində olacağı məlum deyil: “Regional Təhsil İdarələrinin strukturu açıqlanmadan, bu qurumların necə fəaliyyət göstərəcəyi barədə fikir bildirmək mümkün deyil”.
“Metodiki xidmətin ləğvini o adamlar istəyərlər ki...”
Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) Metodiki Mərkəzin rəhbəri Vahid Qurbanov bizimlə söhbətində bildirdi ki, təhsildən anlayışı olmayanlar “Metodkabinetlər ləğv edilsin, metodistlik nəyə lazımdır?” fikrini tez-tez səsləndirirlər: “Bu gün Su İdarəsində, təhsilə aidiyyəti olmayan digər təşkilatlarda metodiki kabinetlər yaradılırsa, təhsildə analoji qurumlar necə ləğv edilə bilər? Canlı üçün hava və su nə qədər vacibdirsə, metodika da təhsil üçün o qədər vacibdir. Bir müddət əvvəl Metodik Mərkəzin də adını dəyişib, Resurs Mərkəzi etmək təklifi edilirdi. Ad dəyişmək, mahiyyəti dəyişmir”.
Mərkəz rəhbərinin sözlərinə görə, müəllimlərin metodikanı inkişaf etdirmək, metodik yenilikləri mənimsəmək üçün ciddi dəstəyə ehtiyacları var: “Müəllim hansı metodikadan istifadə edir-etsin, son məqsəd odur ki, mövzu üzrə şagirdi öyrədə bilsin”.
Vahid Qurbanov dedi ki, rəhbərlik etdiyi mərkəz tabe olduğu idarənin göstərişinə uyğun olaraq məktəblərlə əlaqə saxlayıb ayrı-ayrı fənlər üzrə müəllimlərin metodik vəsaitlərlə, ədəbiyyatlarla təmin olunmasına köməklik göstərir: “Bundan başqa, ayrı-ayrı məktəblərdən müraciətlər ediləndə bizim mütəxəssislərimiz köməyi əsirgəmirlər. Hardan bizə çağırış gəlir, müəllimlərə dəstək veririk”.
Vahid Qurbanovun sözlərinə görə, dünya təhsil sisteminə inteqrasiya üçün Metodik Mərkəzin əsasnaməsinə yeni dəyişiklər ediləcək.
Sevil