4 Fevral 2016 18:50
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Asiya İnkişaf Bankının ölkəmizə səfər edən missiyası ilə görüş keçirilib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, Bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş iqtisadçısı Ciovanni Kapannellinin rəhbərlik etdiyi missiya ilə görüş zamanı Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması və hərtərəfli inkişafın təşviqinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

Görüşdə DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, ölkədə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir: “Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub”.

Elman Mehdiyev vurğulayıb ki, “Bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib”.

DSMF sədri fondun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib, ölkəmizdə qurulmuş sığorta-pensiya sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan, qarşıda duran başlıca vəzifələr və onların həlli yollarından ətraflı bəhs edib.

Görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən missiyanın rəhbəri Ciovanni Kapannelli Azərbaycanda sığorta-pensiya sahəsində görülən işləri müsbət qiymətləndirdiklərini diqqətə çatdırıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər