Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 illik fəaliyyətinə həsr olunmuş “Azərbaycanda Ailə, Qadın və Uşaq Siyasətinin İnkişafı 2006-2016-cı illər” mövzusunda tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, komitə sədri Hicran Hüseynova bildirib ki, qurum 2006-cı ildə yaransa da, Azərbaycanda qadın hərəkatı 1990-cı illərdən başlayıb: “1993-cü ildən başlayaraq keçirilən Azərbaycan qadınlarının qurultayları qadın hüquqlarının müdafiəsi məsələsini aktuallaşdırdı. Ölkəmizin ən çətin dövrlərində uşaq və qadın hüquqlarının müdafiəsi konvensiyalarına qoşulduq. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Daha sonra bu sahədə qəbul edilən sərəncamlar qadınların hüquqlarının müdafiəsini gücləndirdi. Ölkədə qadın siyasətinin aktuallaşmasında qanunların qəbulu son dərəcə vacibdir. İnzibati Xətalar Məcəlləsi, Gender Bərabərliyi, Məişət zorakılığı haqqında qanunların bu mənada önəmini qeyd etməliyik”.
Komitə sədri qadın problemlərinin həllində 10 ildə əldə olunan naliyyətlərə də toxunub. “Qadın hüquqlarının qorunmasında bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığımızın böyük rolu olub. Bununla yanaşı qeyd etməliyəm ki, biz fəaliyyətə başlayanda ölkədə bir neçə qadın təşkilatı var idi. Qısa müddət sonra onların sayı 100-dən çox oldu. İlk bələdiyyə seçkilərində cəmi 4 % qadın təmsil edilirdi. Bu məsələyə Qeyri Hökümət Təşkilatlarını cəlb etdik və bu gün bələdiyyələrdə onların sayı 35%-dir. İcra hakimiyyətlərində qadınların müavin səviyyəsində təmsil olunması, bir icra hakimiyyəti başçısının qadın olması 10 il ərzində əldə etdiyimiz naliyyətlərdəndir. Bundan başqa, bir çox nazirliklərdə müavin səviyyəsində, Milli Məclisdə spikerin müavinin qadın olması da irəliləyişlərin olduğunu göstərir. Əlbəttə, problemlərimiz də var. Bu problemlərin həlli bizi düşündürür. Bu istiqamətdə hamımız birlikdə iştirak etməliyik”.
İlhamə