6 Fevral 2016 13:55
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin aparılması məqsədi ilə ali məktəblər, kolleclər, peşə məktəblərində dezinfeksiya işlərinin həyata keçirilməsi fevralın 15-dək başa çatdırılacaq.

Bunu Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Şöbə müdirinin sözlərinə görə, görülən tədbirlər Azərbaycanın 4 böyük şəhərində - Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki bütün təhsil müəssisələrini, o cümlədən, ali məktəb və kollecləri əhatə edir.

Z.Kazımov əlavə edib ki, yanvarın 23-dən başlayaraq, məktəbəqədər və ümumtəhsil təhsil müəssisələrində dezinfeksiya tədbiləri həyata keçirilir və bu, hazırda da davam etdirilir: “Məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbirləri iş saatından sonra aparılır. Məktəblərdə dezinfeksiya tətil zamanı aparılıb. Eyni zamanda, tədris prosesi başa çatdıqdan sonra bu tədbirlər həyata keçirilir. Azərbaycanda “donuz qripi” xəstəliyi qeydə alınmayıb. Amma qonşu ölkələrdə bu xəstəlik olduğundan biz bu profilaktik tədbirləri daim aparmalıyıq ki, Azərbaycanda H1N1 virusu qeydə alınmasın”.

Z.Kazımov Azərbaycanda yalnız “donuz qripi” ilə əlaqədar deyil, daima dezinfeksiya tədbirlərinin aparıldığını qeyd edib: “Respublika ərazisində dezinfeksiya tədbiləri daim aparılıb. Bu işlər plana uyğun olaraq, ərazilərdə fəaliyyət göstərən təsərrüfat hesablı dezinfeksiya şöbələri tərəfindən həyata keçirilib. Eyni zamanda, nazirin əmrinə əsasən, məktəbəqədər və ümumtəhsil müəssisələri və digər tədris müəssisələrində bu tədbirlər profilaktika məqsədi ilə həyata keçirilir”.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda indiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosundan Trend-ə bildirilib ki, Azərbaycan qripin intensivliyinə görə aşağı səviyyəli ölkə hesab edilir. Azərbaycan qripin yayılmasına görə, Avropa regionunda sporatik, yəni təsadüfi rast gəlinən, tendensiyasına görə isə azalma müşahidə edilən ölkə kimi dəyərləndirilir.

ÜST-nin Avropa Regional Bürosunun İctimai sağlamlığın təhlükəsizliyi və yoluxucu xəstəliklər bölməsinin direktoru Nedret Emiroğlu isə Trend-ə bildirmişdi ki, virusun yayıldığı ölkələrdə, xüsusilə gənclər, hamilə qadınlar arasında A/H1N1 qripindən ağır yoluxma və ölüm hallarının artımı gözlənilə bilər.


Müəllif:

Oxşar xəbərlər