10 Fevral 2016 12:25
7 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki illərlə müqayisədə ötən il Azərbaycanda taxılçılıq sahəsində rekord miqdarda məhsul əldə olunduğu elan edildi. Buna baxmayaraq un istehsalında idxala üstünlük verildiyi sirr deyil.

Azərbaycana əsasən Rusiyadan və Qazaxıstandan un idxal edən iş adamları bildirirlər ki, ölkəmizdə bərk buğda növü əkildiyinə görə bu növ buğdaların həm üyüdülməsində, həm də bişirilməsində problemlər yaranır. Bu səbəbdən yumşaq buğda ununa üstünlük verilir ki, bu növ buğdanın unu da xaricdən gətirilir.

Makaron buğdası yumşaq buğdadan qat-qat bahadır

Bərk buğda növünü bəzi ölkələrdə makaron buğdası adlandırırlar. Bu növ buğdanın dənindən kəhrəba rəngli qidalı makaron, vermişel, əriştə, lavaş, müxtəlif yarmalar, bulğur, təndir çörəyi və milli xörəklərin hazırlanmasında geniş istifadə edilir. Hətta bərk buğda dəninin satış qiyməti dünya bazarında adi yumşaq buğda dəninə nisbətən keyfiyyət dərəcəsindən asılı olaraq 50-100 faiz bahadır.

Şəffaflıq Azərbaycan İctimai Birliyinin bu günlərdə bir mağazada devalvasiya prosesindən əvvəl və sonrakı qiymətlərlə bağlı apardığı monitorinq nəticələri açıqlandı. Yarım kiloqram makaronun qiymətində 80 qəpikdən 1 manat 30 qəpiyədək (62,5%) artım olduğu bildirildi.

Ötən il makaron istehsalı ilə bağlı rəqəmlərə rast gəlməsək də, Statistika Komitəsi 2014-cü ildə Azərbaycanda 28046 ton makaron istehlakı barədə məlumat yayıb ki, bunun da 15350 tonu ərzaq üçün istifadə edilib. Statistikaya görə, 1820 ton hazır məhsul ixrac edilib. Amma daxili məhsulun heç də hamısı yerli xammaldan hazırlanmır.

Azərbaycanda makaron istehsalı ilə məşğul olan 10-a yaxın şirkət var. Onlar istehsalda nədənsə yerli xammala yox, idxala üstünlük verirlər. Məsələn, müxtəlif adda makaron məhsulları istehsal edən "Avrora" firmasının marketinqi bizə bildirdi ki, istehsal üçün bərk buğdanı Qazaxıstandan gətirirlər.

Marketinqin sözlərinə görə, şirkətin bərk buğdanı lazımınca üyüdən avadanlığı da var, amma Azərbaycan istehsalı olan bərk buğda həm qiymət, həm də keyfiyyət baxımdan onları qane etmir: "Bərk buğda dənindən hazırlanan makaron məmulatı möhkəm, qırılmaya davamlı, hamar səthə, xoşagələn rəngə malik olduqda, formasını, dad xüsusiyyətlərini saxladıqda daha çox alıcı cəlb edir. Amma elə şirkətlər var ki, makaron istehsalında bərk buğdadan yox, yumşaq buğdadan istifadə edirlər. Sadalanan effekti almaq üçün isə əlavə qatqı lazım gəlir, bu isə hazır məhsulun keyfiyyətinə mənfi təsir edir".

Qapısı qıfıllı Bakı Makaron Fabriki

1984-cü ildə istifadəyə verilmiş Bakı Makaron Fabriki SSRİ məkanında ilk makaron müəssisələrindən olub. Fabrik gün ərzində 70 tondan çox makaron istehsal edib, 100 faiz daxili tələbatı ödəyib, üstəlik regionda bir çox ölkələrə məhsul da ixrac edib. Hazırda divarları arasına xeyli texnika yığılıb qalsa da, fabrikin qapısı qıfıllıdır.

Vaxtilə makaron fabrikində işləmiş İslam Nəzərovun sözlərinə görə, bir vaxtlar orada 500 adam çalışırmış, tələb çox olduğu üçün əlavə işçiyə də ehtiyac yaranıbmış. Bəzi işçilər makaronun vətəni hesab edilən İtaliyada xüsusi kurs da keçib, mütəxəssis olaraq yetişiblər, amma hazırda onların çoxu aidiyyəti işlə məşğul deyil: "Biz təmiz bərk buğda unundan əla növ makaron istehsal edirdik. O qədər tələb vardı ki, çatdıra bilmirdik".

İslam Nəzərov hesab edir ki, ölkədə bərk buğda istehsalına maraq azaldığı üçün Makaran Fabrikinin istehsalı dayanıb.

Başqa mənbədən aldığımız məlumata görə, fabrikin yaxın vaxtlarda işə düşəcəyi gözlənilir.

İdxal olunan makaronlar standartlara cavab vermir

AMEA Elmi Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlainin sözlərinə görə, hazırda ölkəyə idxal olunan və istehsal edilən makaronların əksəriyyəti standartlara cavab vermir, çünki yumşaq undan hazırlanır, əlavə edilən qatqılar məhsulun keyfiyyətini aşağı salır: "Keçmiş sovetlər dönəmində regionda yalnız ölkəmiz makaron buğdasına görə ixtisaslaşmışdı, bərk buğda ancaq Azərbaycanda və Orta Asiyada yetişirdi".

Mütəxəssis bərk buğdanın dəyərini yüksək şüşəvarı, kəhrəba rəngli dəni və 14-17% zülallığı ilə qiymətləndirir: "Bərk buğdanın dənində yumşaq buğdaya nisbətən zülalın miqdarı 1-4% yüksək olur. Bərk buğdalarda dənin möhkəmliyi, tərkibində proteinin çoxluğu onun makaron istehsalında əhəmiyyətini artırır. Buğda dəninin keyfiyyəti yalnız bir xüsusiyyəti ilə deyil, eyni zamanda dartılma, kimyəvi tərkib, bişirilmə şərtləri, acıma və xəmirin fiziki cəhətləri ilə də müəyyən olunur.

Bərk buğda dənin tərkibində zülalın miqdarı 14 faizdən, kleykovinanın miqdarı isə 25 faizdən artıq, keyfiyyəti birinci və ikinci qrup, natura kütləsi 750 qramdan, dənin şüşəvarılığı 90 faizdən az olmamalıdır".

Bərk buğdanı üyüdən dəyirmanlar tikilməlidir

Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri elmi-tədqiqat kənd təsərrüfatı institutları assosiasiyasının sədri Əsəd Musayevin sözlərinə görə, hələ qədim zamanlarda Azərbaycanda torpaq sahələrinin əsasını bərk buğda əkinləri təşkil edirdi. Lakin 1960-cı illərin əvvəllərində ölkəyə "Bezostaya 1", "Qafqaz" və bir sıra daha məhsuldar yumşaq buğda sortlarının gətirilməsi və onlara geniş üstünlük verilməsi tədricən bərk buğda sahələrinin azalmasına və 60-cı illərin sonunda onun 5-10 faizə enməsinə səbəb oldu. 70-ci illərdən sonra bərk buğda sortlarının artımına baxmayaraq, onun əkilməsini əngəlləyən səbəblərdən biri də bərk buğda dənin üyüdən dəyirmanların az olması idi".

Əsəd Musayevin fikrincə, əhalinin yüksək keyfiyyətli makaron, vermişel, yarma və digər ərzaq məhsullarına tələbatının ödənməsində bərk buğda istehsalı üçün böyük imkanlar olmasına baxmayaraq, emal müəssisələrinin yoxluğu taxılçılıqla məşğul olan fermer və digər özəl qurumların bərk buğda məhsulunu əsl dəyərinə satmağa imkan vermir: "Bərk buğda sortları arasında təsərrüfat qiymətli xüsusiyyətləri ilə səciyyələnən "Bərəkətli 95", "Qarabağ", "Mirbəşir 50", "Qaraqılçıq 2" kimi uzun illər ölkəmizin təsərrüfatlarında geniş sahələrdə becərilmiş və bu gün də ölkənin torpaq-iqlim şəraitinə uyğun gələn, bioloji davamlılıq xüsusiyyətlərini qoruyub saxlamış çoxlu sortlar var.

Statistik məlumata görə, bərk buğdalar ümumi əkin sahəsinin dörddə birini (150 min hektar) əhatə edir. Ancaq yaxın illər ərzində bərk buğda əkilən sahələrin artırılması, makaron və çörəkbişirmə sənayesi üçün yeni sortların yaradılmasına da xüsusi ehtiyac var".

Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, Azərbaycanın torpaq iqlim şəraiti bərk buğdanın yetişdirilməsi üçün əlverişlidir və hazırda Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu tərəfindən yaradılmış ən yüksək potensiala malik, xəstəliyə davamlı sortlar var.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər