10 fevral 2016 –cı ildə Bakı şəhəri, Mariott Abşeron mehmanxa- nasında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - layihəsinin icraya başlanmasına həsr olunmuş Seminar keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX), Dövlət Gömrük Komitəsinin (DGK) məsul işçiləri, FAO-nun və Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyası Katibliyinin əməkdaşları iştirak ediblər.
Ümumdünya Ticarət Təşkilatının maliyyə dəstəyi ilə növbəti üç il ərzində həyata keçiriləcək layihənin əsas məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemin mühafizəsi üçün fitosanitar nəzarətin təkmilləşdirilməsi məqsədilə DFNX və Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasına dəstək verməkdir.
DFNX-nin rəisi Camal Quliyev qurumun fəaliyyətinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlüişlərdən danışıb. Bildirib ki, regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyac var, ölkəyə yeni zərərvericilərin daxil olmasının böyük risk doğurub. Bu baxımdan, ölkə ərazisinin zərərli orqanizmlərdən mühafizəsinin gücləndirilməsi, karantin zərərvericilərinin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində milli potensialın artırılmasına zərurətin olduğunu qeyd edərək FAO-nun dəstəyi ilə həyata keçiriləcək bu layihənin də məhz bu məqsədə/amala xidmət edəcəyini bildirib.
FAO-nun Azərbaycandakı Nümayəndəsi Mustafa İmir Azərbaycan Hökuməti ilə fitosanitar nəzarət, zərərvericilərin, pestisidlərin idarə edilməsi sahəsində mövcud sıx əməkdaşlıqdan, bu istiqamətdə FAO tərəfindən ölkədə həyata keçirilmiş layihə və fəaliyyətlər barədə, həmçinin icrasına yeni başlanılan layihənin əsas hədəfləri və məqsədləri barədə məlumat verib.
Fitosanitar nəzarəti sahəsində riskin azaldılması məqsədilə ilk növbədə bu sahədə çalışan DFNX və gömrük mütəxəssislərinin peşə hazırlığının artırılması, diaqnostik xidmətlərin gücləndirilməsi, zərərverici risk analizlərinin aparılması, idxal və ixrac tənzimləmə sisteminin təkmilləşdirilməsinə ehtiyacın olduğunu qeyd edib.
Seminarda layihənin məqsədləri, hədəfləri və gözlənilən nəticələri barədə təqdimat edilmiş, tədbir iştirakçıları ilə birlikdə müzakirələr əsnasında layihənin icra mexanizmi və iş planı razılaşdırılıb.
SEVİL