11 Fevral 2016 10:58
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İsveçin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İsveçin xarici işlər naziri əvvəlcə Təzəpir məscid kompleksi, Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası, burada saxlanılan qədim kitablar ilə tanış olub. Qonaq kitabxananın xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə şeyxülislam A.Paşazadə ölkəmizdəki dini vəziyyət barədə məlumat verib, Azərbaycandakı pravoslav və yəhudi konfessiyalarının başçılarını qonağa təqdim edib. O, Azərbaycanda mövcud olan tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə edilən nailiyyətlər, habelə dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə danışıb. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlərdən danışan şeyxülislam ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dini dəyərlərə ehtiramlı münasibətin, tolerantlığın dövlət səviyyəsində həyata keçirilməsinin əsasını qoyduğunu vurğulayıb. O, Prezident İlham Əliyev tərəfindən dini-mənəvi dəyərlərə qayğı və diqqətin davam etdirilməsindən, multikultural dəyərlərimizin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışıb.

Qeyd edilib ki, Azərbaycanda digər dinlərə qarşı daim xoş münasibət olub, müsəlmanlar, xristianlar və yəhudilər əsrlər boyu burada dinc fəaliyyət göstəriblər. Onlar bayramları, əlamətdar günləri birlikdə qeyd edirlər.

Marqot Vallström ölkələrimiz arasındakı əlaqələrdən danışıb. O, Azərbaycanda hökm sürən dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan dünyaya bütün dinlərin bir yerdə yaşamasının mümkün olduğunu nümayiş etdirir. Bu işdə Azərbaycan dövlətinin başçısının, habelə dini icma rəhbərlərinin rolu təqdirəlayiqdir.

Marqot Vallström, həmçinin dünya ölkələrinin Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsini öyrənməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iştirak edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda müxtəlif konfessiyaların, icmaların nümayəndələrinin əsrlər boyu dinc yanaşı yaşadıqalarını, ölkədə heç vaxt ksenofobiya və dini zəmində münaqişələrin müşahidə olunmadığını söyləyiblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər