“Turizm şirkətləri və respublikanın regionlarındakı mehmanxanalar öz hesablamalarını manatla aparırlar. Bunun nəticəsidir ki, Rusiyanın, İranın, hətta Gürcüstanın turizm şirkətləri Azərbaycana turist göndərməyə maraq göstərirlər".
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bu yaxınlarda bu ölkələrin turizm assosiasiyaları ilə müqavilə bağlanıb: “Manatın düşməsi ilə əlaqədar xarici ölkələrdən, xüsusi ilə qonşu ölkələrdən Azərbaycana gələn turistlərin sayının artmasını gözləyirik. Elə şirkətlər var ki, Azərbaycandan xaricə turist göndərdikdə onlar şirkətlərə ödəmələri dollar, avro və yaxud digər valyuta tətbiq edirlər. Çünki onların müqavilələri xarici ölkələrlə bağlıdır”.
Nazir qeyd edib ki, Azərbaycanın daxilində isə bütün ödəmələr milli valyuta ilə həyata keçirilir: “Bu da indiki dövürdə ölkəmizə turizm axınına imkan verir. Bunun üçün nazirlik tərəfindən artıq lazımi işlər aparılır. Bu yaxınlarda Rusiya və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan turizm assosiasiyaları nümayəndəliyi açılacaq. Artıq müqavilələr bağlanıb, yerlər və məkanlar müəyyənləşdirilib. Bu ayın axırına kimi Türkiyədə, gələn ayın ortasına kimi Rusiyada Azərbaycan turizminin xüsusi nümayəndəlikləri açılacaq. Hesab edirik ki, bu gün Azərbaycan turizm sənayesində tətbiq olunan qiymətlər tamamilə bu regionda verilən təkliflərlə rəqabət apara bilər. Bu da ümumi strateji xəttimizidir”.
İlhamə