12 Fevral 2016 15:19
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin yerli istehsalın gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində verdiyi tapşırığa uyğun olaraq müxtəlif qurumlarda müvafiq iş yerlərinin açılması ilə bağlı məlumatlar yayılır.

“Azərbaycan Dəmiryolları” ASC-dən verilən məlumata görə, 300 nəfər quruma işə qəbul olunub, mart ayına qədər daha 1700 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.

“Azərsu” ASC-dən də 1200 nəfərin işə götürülməsinin planlaşdırıldırıldığı məlumatı verilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində 40-ı regionlarda, 30-u Bakıda olmaqla 70 yeni iş yerinin açılacağı bildirilib.

İqtisadiyyat Nazirliyi isə ənənəvi sahələrdən olan pambıqçılığın inkişafı üçün pambıq istehsalı və emalı müəssisələri daşıma xərclərini qarşılayacağını və istehsal xərclərinin 90%-i emalçılar tərəfindən avans olaraq veriləcəyini, pambığın birinci növünün bir tonunu 500 manata, ikinci növünün bir tonunu 470 manata, üçüncü növünün bir tonunu 440 manata, dördüncü növünün bir tonunu isə 400 manata qəbul ediləcəyini bəyan edib.

Nazirlikdən verilən məlumata görə, stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin artırılması bu sahədə 15 mindən çox yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına imkan verəcək.

Məşğulluq mərkəzlərində vakant yerlər

Yeni iş yeri açacaq qurumların əksəriyyəti isə bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmək və oradan sənəd təqdim etməyin vacib olduğunu bildirirlər. Məsələn, “Azərbaycan Dəmir Yolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, ASC-nin İnfrastruktur Departamentində 2 min nəfərin işləməsi nəzərdə tutulur, onlar əsasən fəhlə işləridir, yollarda təmirlə məşğul olacaqlar. Bunun üçün də həmin şəxslər öncə Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmək və oradan sənəd təqdim etməlidirlər.

ƏƏSMN-nin Elmi Tədqiqat Mərkəzində əmək bazarı və məşğulluq problemləri üzrə şöbənin müdiri Mətləb Mahmudovun sözlərinə görə, məşğulluq mərkəzlərinə həm vakant yer olaraq, həm də iş üçün müraciətlərin sayı xeyli artıb. Vakant yerlərdə ən çox fəhlə, qulluqçu vəzifələrinə üstünlük verilib, yüksək ixtisaslı iş yerləri azdır: “Dövlət Neft Şirkəti 6500 nəfərin işə cəlb olunması ilə bağlı nazirliyə müraciət edib. AZAL 5 min nəfərlik iş yeri açıb. Vakant yerlər ən çox fəhlə, texniki xidmət, xadimə, bağban işi ilə bağlıdır. Misal üçün, AZAL elan verib 100 nəfər bağban, 100 nəfər xadimə, 100 nəfər fəhlə və sair bu kimi fəaliyyət üzrə işçi axtarır”.

Mətləb Mahmudov dedi ki, yüksək ixtisaslı kadrlarla bağlı iş yerlərinin açılması üçün hər qurumun özü qəbul aparacaq: “Məşğulluq mərkəzlərinə dövlət strukturlarının bəziləri öz saytı vasitəsilə müsabiqə elan edir, işçini işə özləri qəbul edir”.

Şöbə müdiri dedi ki, ƏƏSMN 10 illik milli məşğulluq planının hazırlanması ilə bağlı hazırda xaricdən ekspertlər dəvət edilib və bu istiqamətdə qızğın müzakirələr gedir: “Hazırda 10 illik məşğulluq siyasəti konsepsiyası üzərində iş aparılır. Bu konsepsiyanın iyun ayında hazırlanıb təqdim olunacağı gözlənilir”.
Nazirlik rəsmisi onu da bildirdi ki, regionlarda qısamüddətli - 6 aylıq işlərə də başlanacaq: “Bu aydan başlayaraq bütün rayon məşğulluq mərkəzlərinə tapşırıq verilib ki, rayonlarda mövsümi xarakterli işlərin qəbuluna başlansın: ağac əkmək, asfalt salmaq və sair”.

Hər çətin işdən sonra, asan mərhələ gəlir

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyev yeni iş yerlərinin açılması ilə bağlı atılan addımları təqdir edir. Onun fikrincə, hazırkı çətin mərhələni aşmaq üçün hər bir sahəyə uyğun ixtisaslı kadrların cəlb edilməsi vacib məsələdir: “Hər bir çətin işin ardınca mütləq asan mərhələ gəlir. Ona görə çalışmalıyıq ki, bu çətin mərhələni ziyansız dəf edək.

Hazırda yeni iş yerlərinin açılması bir növ içsiz insanların evlərinə az miqdarda olsa da çörək aparmasına kömək edər. İndiki çətin vəziyyətdə də elə insanlar var ki, ailələrini dolandırmaqda çox çətinlik çəkirlər. Bizim təşkilatın təklifi belədir ki, bu yaxşı təşəbbüsü daha təkmil variantda istifadə edək. İşsizliyə görə növbəyə durmuş insanlara az məbləğdə maaş verməklə onlar işə götürülür və bu müvəqqəti bir xarakter daşıyır".

“Hər sahənin öz kadrı olsa, iqtisadi səmərə də olar”

Xüsusən neft sahəsində çalışan kadrların işsizlik problemlərinin həlli yollarından danışan hüquqşünas qeyd etdi ki, 2008-ci ildə Dövlət Neft Şirkətində, eləcə də xarici şirkətlərlə birgə fəaliyyət göstərən digər yerli müəssisələrdə xeyli sayda kadrlar müxtəlif səbəblərdən işlərini itirməli olublar: “Bəzilərinin müqavilə müddəti bitdi, bəziləri isə iş həcminin azalması səbəbindən ixtisara düşdü, bəziləri isə yaşla əlaqədar təqaüdə göndərildi. Biz hesab edirik ki, naşı adamları bu sahəyə cəlb etməkdənsə, peşəkar kadrları bu işlərə cəlb etmək daha səmərəlidir. Çünki neft sahəsi çətin, çox əmək və yüksək intellekt tələb edən, ağır və dövlət üçün strateji əhəmiyyəti olan bir sahədir.

Ona görə bu sahə üzrə daha çox mütəxəssislərə ehtiyac var. 5 faizi əhatə edən aşağı ixtisaslı kadrları çıxmaqla, yerdə qalan ixtisaslar spesifikdir, bir neçə sadə peşələri çıxsaq, neft sahəsində sırf ixtisaslı kadrlar çalışmalıdır, mühəndis, mühasibindən tutmuş qaynaqçıyadək. Bu işi kurs keçməklə öyrənmək mümkün deyil.

Biz hesab edirik ki, son 5-10 ildə müxtəlif səbəblərdən işsiz qalan kifayət sayda mütəxəssislərimiz var. Bu kadrları yenidən işə cəlb etmək olar. İlkin vaxtlarda bir illik müqavilə ilə onları yenidən bu sahəyə cəlb etmək mümkündür. Heç işsiz qalmaqdansa, o adamlar az maaşla bu sahəyə yönləndirilə bilərlər. Biz güman edirik ki, həmin kadrlar da bu təklifi məmnuniyyətlə qəbul edər. Ona görə də ölkə başçısının yeni iş yerlərinin açılması təşəbbüsü bu istiqamətdə dəyərləndirilsə, həm iqtisadi baxımdan səmərə əldə edilər, həm də həmin şəxslər üçün ədalətli qərar verilmiş olar.

Əlbəttə, elə işçilər var, əmək intizamını kobud şəkildə pozduqlarına görə işlərini itiriblər. Belə şəxslərin yenidən işə cəlb olunması, hesab edirəm ki, heç bir fayda verməz. Bir daha təkrar etmək istəyirəm ki, söhbət hər sahənin peşəkar, ixtisaslı, amma hazırda işsiz qalan kadrlarından gedir.

Bu gün neft sahəsində əməkhaqları da müxtəlifdir. Vaxtilə 700-800 manat maaş alan mütəxəssisə 300 manat maaş vermək azdır. Amma ömür boyu bu sahədə peşəkarlaşmış bir kadrın tamam başqa sahədə çalışmasındansa, hər sahənin öz mütəxəssisini o istiqamətə yönləndirmək daha məqəsəduyğundur".

ƏƏSMN-nin şöbə müdiri Mətləb Mahmudov isə bildirdi ki, yüksək ixtisaslı neftçi kadrların işlə təmin olunması ilə bağlı xüsusi birja proqramı hazırlanması nəzərdə tutulub, artıq onlar arasında peşəkar, işini bilən, əsasən də gənc kadrlar işə dəvət olunmağa başlanıb: “Həmin proqrama görə bir ay ərzində 6 min nəfər yüksək ixtisaslı kadr cəlb edilməlidir”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər