TQDK ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyən abituriyent və namizədlər üçün sınaq imtahanı keçirəcək.
Magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçiriləcək. Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının I mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.
TQDK-dan Teleqraf.com-a bildirlib ki, imtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.
Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya – martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər.
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcək. İmtahan 29 şəhər və rayonda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq.
Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərsiniz.
TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırıb ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!
SEVİL