16 Fevral 2016 12:06
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayı ilə müqayisədə hazırda təkrar mənzil bazarında aktivlik cüzi də olsa artıb. Daşınmaz əmlak satışı üzrə ekspert Rafiq İmanovun sözlərinə görə, bu dəyişiklik Nazirlər Kabinetinin Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini təsdiq edən 412 saylı qərarının tətbiqindən sonra hiss olunmaqdadır. Çünki ev alqı-satqısında qaydalar əvvəlkilərlə müqayisədə sadələşib.

Ev alqı-satqısında vergi sadələşməsi...

Sənədə görə, Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 12 zonaya bölünməklə müvafiq olaraq ərazilər üzrə qiymətlər müəyyənləşib. Əvvəlki qaydalarda vergi ödənişləri hesabat dövrünün sonuna qədər aparıla bilərdi, indi isə vergidən yayınmamaq üçün notariusda alqı-satqı olunan gün əmlakdan vergi tutulur.

Ekspertlər bildirirlər ki, Bakının mərkəzində 100 kvadratmetrlik 250 min manatlıq mənzilin qiymətinə görə 45 min manat ƏDV ödənməli idisə, yeni qaydaların tətbiqindən sonra 1 kvadratmetr üçün təxminən 60 manat vergi tutulur ki, bu da ümumilikdə 6000 manat deməkdir.

Rafiq İmanovun sözlərinə görə, daşınmaz əmlak bazarında vergi ödənişində məbləğin azalması ev bazarına marağı artırıb. Amma təklif edilən mənzillərlə müqayisədə alıcılar həddən artıq azdır deyə, bu maraqların təmin olunmasında problemlər var: “Əlbəttə, alıcı azlığı bazarı tam aktivləşdirməyib. İstər təkrar, istər ilkin mənzil bazarında, istərsə də kirayə mənzil və torpaq bazarında süstlük hələlik davam edir”.

Mart ayından sonra

Ekspert bildirdi ki, təkrar mənzil bazarında qiymət enmələri daha kəskindir. Onun sözlərinə görə, “Gənclik” metrosu yaxınlığında birotaqlı mənzil əvvəllər 80-90 min manata idisə, hazırda 55-60 min manat arasındadır: “İlkin mənzil bazarında isə kvadratmetri 1550, 1800, hətta 2 min manata qədər yüksələn mənzillər bu gün 1200-1300 manata təklif edilir. Mən hesab edirəm ki, yalnız mart ayından sonra ümumi vəziyyəti təhlil edib, müəyyən proqnoz vermək mümkün olar. Düşünürəm ki, mart ayından sonra dövlət tərəfindən də müəyyən qərarlar veriləcək”.

Kirayə mənzil bazarında əvvəlki aylarla müqayisədə vəziyyətin stabil olduğunu deyən ekspertin sözlərinə görə, bu tendensiya həm də mövsümlə əlaqədardır: “Adətən, kirayə mənzil bazarında canlanma avqust, sentyabr, oktyabr aylarında olur. Tələbat azaldığına görə kirayə mənzil bazarı çox ucuzlaşıb”.

Torpaq bazarında da mühüm dəyişiklik olmadığını vurğulayan Rafiq İmanov mart ayının sonlarından bu sektorda da nisbətən canlanma yaranacağını güman edir.

Daşınmaz əmlak bazarında mənzillərin dollarla satışı haqda təkliflərin əleyhinə olan ekspert bildirdi ki, bu vəziyyət mənzil bazarında xaos yarada bilər: “Tikinti şirkətləri ev tikintisində xaricdən yalnız armatur alır. Daşımız da, qumumuz da, sementimiz də, suyumuz da varsa, ev tikintisi daha çox yerli istehsal hesabına aparılırsa, mənzilin xarici valyuta ilə bazara çıxarılması absurddur. Bununla belə deyim ki, dolların daşınmaz əmlak bazarına daxil olması cüzi canlanma əmələ gətirib. Mənzilini 100 min manata satan şəxs bu gün 50-52 min dollara təklif edir, bununla satdığı mala maraq yarada bilir”.

40 min boş ev əhaliyə necə satıla bilər?

Ekspert hesab edir ki, daşınmaz əmlak bazarında qiymət endirimindən vətəndaşların yararlanması mümkündür. Bunun üçün güzəştli ipoteka şərtlərinin tətbiqi və sosial evlərin tikintisinə başlanması həm əhalinin, həm də dövlətin xeyrinə olar.

Bu yaxınlarda iqtisadçı Oqtay Haqverdiyev də belə bir təkliflə çıxış etmişdi ki, ipoteka sahəsində monitorinq aparılmalı, evsizlərə güzəştli ipoteka şərtləri ilə mənzillər satılmalıdır. Onun sözlərinə görə, hazırda yeni binalarda 40 minə yaxın ev boşdur. Güzəştli ipoteka ilə mənzilə ehtiyacı olanların sayı müəyyənləşərək, daha zəruri ehtiyacı olanlara həmin mənzillər aşağı faizlə satılsa, həm dövlət, həm də vətəndaş qazanar.

Onu da bildirək ki, hər il Azərbaycanda 80-85 min arası insan evlənir və yeni ailə quranların yeni mənzilə ehtiyacı yaranır.

Banklar insafa gəlsə...

Rafiq İmanov deyir ki, ipoteka alınmasında bürokratik əngəllərə hələ də rast gəlinir. Onun fikrincə, qohumbazlıq, korrupsiya faktları aradan qaldırılsa, ipoteka ilə ev almaq üçün müraciət edənlərin hər biri mənzillə təmin olunar və boş ev qalmaz: “Çox təəssüf ki, hər bir bankın ipoteka krediti ilə mənzil verilməsində yalnız öz mənafeyini düşünməsi problemlər yaradır. Vətəndaşa elə şərtlərlə ipoteka krediti təklif olunur ki, onun bu krediti qaytarmağa imkanı çatmır. Ona görə nə qədər ki, bu məsələyə bəlli bir nəzarət təmin olunmayıb, hələ çox mənzillər boş, çox vətəndaşlar evsiz qalacaq. Baxmayaraq ki, bu məsələyə dövlət başçısı xüsusi önəm verir.

İpoteka kreditinin 50 min manatdan 100 min manata qaldırılması ilə bağlı sərəncam verilib. Amma bu gün həmin 100 min kredit kimlərə ayrılıb? Bunun statistikası ictimaiyyətə açıqlanmalıdı. Prezidentin sərəncamına, tapşırıq və tövsiyələrinə vicdanla yanaşılsa, əlbəttə, evsiz vətəndaşların da ev problemi həll olunar və mənzil bazarı canlanar".

Bahalı evlərə ehtiyac azalıb

Ekspert onu da qeyd etdi ki, xarici vətəndaşlar satlıq mənzil tikmək məqsədilə müəyyən ərazilər alıb: “Tikinti aparılsa da, bu mənzilləri kim alacaq? Mənzil bazarında artıq bahalı evlərə ehtiyac aradan qalxır. Kasıb-kusub qarşısında isə elə ağır şərtlər qoyulur ki, o da ucqarda özünə bir daxma tikməyə məcbur olur”.

Ekspert hesab edir ki, iqtisadi böhran şəraitində daşınmaz əmlak bazarında canlanma yaratmaq üçün ən münasib variant sahibkarlara sosial mənzillərin tikintisi üçün şəraitin yaradılmasıdır: “Sosial mənzillər tikilərsə, bu gün kirayədə yaşayan vətəndaşlar 100-150 manat ödəniş etməklə, məmnuniyyətlə sosial mənzil ala bilər. Bir halda ki, ev alqı-satqısında qaydalar sadələşib, dövlətə vergidən yayınma hallarının qarşısı da alınır. Bununla dövlət büdcəsinə də müvafiq ödənişlər edilər və bu sahə böhrandan az zərərlə qurtular”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər