16 Fevral 2016 13:59
541

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun tikinti şirkətlərinin rəhbərləri ilə görüşündə sahibkarlar bəzi qurumlardan şikayət ediblər.

Sahibkarların bir neçəsi isə vergi əməkdaşlarının qanunsuz vergilər tələb etməsindən, hətta tikinti işlərini dayandırmasından şikayətlənib.

“Müasir Arena” MTK-nın keçmiş rəhbəri Gülnurə Hacıyeva deyib ki, 30-a qədər vergi əməkdaşı gəlib, ondan 2008-ci ildə ödədiyi vergini yenidən ödəməyi tələb edib: “Mən də etiraz etdim ki, niyə vergini yenidən ödəməliyəm. Bundan sonra onlar tikinti işlərini dayandırdılar, bütün avadanlıqları da möhürlədilər. Belə olan halda sahibkar necə fəaliyyət göstərə bilər?”


Məsələyə münasibət bildirən K. Heydərov isə dövlət başçısının bu il yanvarın 26-da keçirilən müşavirədə hər hansı qeyri-qanuni verginin alınmasının yolverilməz olduğunu bəyan etdiyini xatırladıb.


Nazir deyib ki, vergi əməkdaşlarının tikintini dayandırmaq hüququ yoxdur: “Prezident İlham Əliyev də bəyan edib ki, tikintilərin başlanması və davam etdirilməsi sahəsində heç bir orqan tərəfindən heç bir süni maneə yaradılmamalıdır. Belə neqativ hallar baş verirsə, tikinti şirkətləri Prezident Administrasiyasının müvafiq şöbəsinə müraciət edə bilərlər. Tikinti şirkətləri tikintini həyata keçirmək üçün kredit götürür ki, vaxtında tikib istifadəyə versin, krediti də qaytara bilsin, müəyyən gəlir də götürsün. Texniki səbəb olmadan heç bir halda tikinti işləri dayandırıla bilməz”. //APA


Müəllif: