Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) “BƏƏ-nin inkişafı” mövzusunda təqdimatla çıxış edib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov BƏƏ-nin bir çox sahələrdə, o cümlədən memarlıq və turizm üzrə böyük inkişafa nail olduğunu vurğulayıb. O, BƏƏ-nin ali təhsil müəssisələri ilə BANM-in əlaqələrinin qurulduğunu deyərək Abu-Dabi Neft İnstitutu ilə əməkdaşlığın inkişaf etdiriləcəyini vurğulayıb.
Səfir Məhəmməd Əhməd Hamel Alqubaisi BANM-də olmaqdan məmnunluq bildirərək diplomat karyerası barədə məlumat verib. Səfirin təqdimatında BƏƏ-nin inkişafını özündə əks etdirən qısa videoçarx nümayiş olunub. O, BƏƏ-nin tarixi, coğrafiyası, ölkənin dövlət quruluşu və idarəetmə sistemi, adət-ənənələri haqqında danışdı. Səfir ölkəsinin inkişaf etmiş sahələri, təbii sərvətləri, xüsusilə təhsil sistemi haqqında məlumat verib. Sonda səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Naibə QURBANOVA