17 Fevral 2016 12:53
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arıqlamaq istəyənlər asan, amma riskli üsula əl atırlar

Artıq çəkidən azad olmaq istəyənlərin çoxaldığı sirr deyil. Arıqlmağın üsulları isə müxtəlifdir. Ac qalmaq, pəhriz saxlamaq arıqlamağın bəlli yollarıdır. Ancaq son zamanlar insanlar günlərcə ac qalmaq, pəhriz saxlamaqdansa, əməliyyata üz tutmağı üstün bilirlər.

Belə əməliyyat bariatrik cərrahiyyə (mədə kiçiltmə) adlanır. Bariatrik cərrah Anar Namazovla bu mövzuda söhbətləşdik.

Tək çarə?..

Anar Namazovun sözlərinə görə, bariatrik cərrahiyyə artıq çəkidən əziyyət çəkənlərə məsləhət görülür: “Bu əməliyyat çəkidən azad olmağa istiqamətlənmiş bir üsuldur, əslində təbabətin bir qoludur. Artıq çəkisi olan insanlar pəhrizlə, idmanla arıqlamağa cəhd edib, nəticə almayıblarsa, cərrahi üsulla onların arıqlaması mümkündür. Son illər bu üsul daha geniş tətbiq edilir.

Bədən kütlə indeksi ilə ölçülür. Bu zaman insanların boyunun kvadratı onların çəkilərinə bölünür və rəqəm əldə edilir. Həmin rəqəmi əsas götürərək bu əməliyyatın məsləhət olub-olmadığını pasiyentə izah edirik. Son məlumatlara görə, bədənin kütlə indeksi 40 faizdən yüksəkdirsə, bu, üçüncü dərəcəli piylənmə deməkdir. Təəssüf ki, bu cür insanların arıqlamasında cərrahiyyə tək çarədir. Çünki bu insanların pəhriz və idman vasitəsi ilə artıq çəkidən azad olması ehtimalı bir faizdir. Ona görə belələri cərrahi metodla arıqlamağı üstün tutur və məhz bu yolla yenidən normal çəkiyə qayıda bilirlər".

Aclıq hissi 80 faiz azalır

Ölkəmizdə geniş yayılmış əməliyyatlardan birinin də mədə kiçiltmə əməliyyatı olduğunu deyən Anar Namazovun sözlərinə görə, bu zaman mədənin təxminən 70-75 faizi çıxarılır: “Əməliyyatı konkret göstərişləri pozmamaq şərtilə aparırıq. Nəticədə mədənin həcmi 150-200 millilitr tutuma endirilir. Bu həcm az miqdarda qida qəbulu hesabına insanların doymasını təmin edir.

Mədədə “qrelin” adlanan hormon var ki, aclıq hissini də o yaradır. Əməliyyatdan sonra “qrelin” hormonunun ifrazı 80 faiz azaldır ki, bu da insanın iştahını xeyli zəiflədir. Nəticədə pasiyent sürətlə çəki ata bilir. İlk aylarda arıqlama daha sürətlə gedir. Təxminən 1-1,5 il sonra artıq çəkisinin 40-80 faizini, bir çox hallarda təxminən 75 faizini itirir".

Mədə yenidən böyüyə bilər

Bariatrik cərrah deyir ki, bu əməliyyatı keçirən insanlar pəhriz saxlamadan da arıqlaya biləcəklər: “Heç şübhəsiz, idman etməyən, pəhriz saxlamayan insan da mədə kiçiltmə əməliyyatı zamanı arıqlaya bilirlər. Çünki onlar az yemək məcburiyyətinə tabe olur, yəni məcburi pəhrizə riayət edirlər. Bununla yanaşı idmanla məşğul olan, pəhriz saxlayanlar daha yaxşı nəticəyə çatırlar. Çəkinin azalması bədənin kütlə indeksinin 30 faizə yaxın olması deməkdir”.

Mədə kiçiltmə əməliyyatından sonra insanlar passiv həyat tərzi keçirirsə, idman edilmirsə, 10-15 faiz hallarda onların yenidən kökələ biləcəyini qeyd edən Anar Namazov deyir ki, bütün hallarda insan artıq çəkidən qurtulmaq üçün özü də mübarizə aparmalı, cəhd göstərməlidır: “Əməliyyatdan sonra qidaya, idmana münasibət dəyişməlidir. İdman həyat tərzinə çevrilməlidir ki, əməliyyatdan sonra əldə edilən effekt yüksək faizli və sabit olsun. Əgər deyilənlərə əməl edilməsə, mədənin böyüməsi, artıq çəkinin yaranması da baş verə bilər. Bununla bağlı göstəricilərə əməl eləmək gərəkdir.

Yəni əməliyyatdan sonra diyetoloqların köməyi ilə yanaşı, pasiyentin özünün də səy göstərməsi vacibdir. Dünya təcrübəsi sübut edir ki, bu əməliyyatı keçirən hər 100 xəstədən 8-də yenidən kökəlmə ehtimalı ola bilir.

Mədə kiçiltmə əməliyyatları Azərbaycanda son bir neçə ildir aparılır və hələ ki kökəlmə faktına rast gəlinməyib. Amma dünyadakı statistikaya əsasən deyə bilərəm ki, zaman ötdükcə bizim xəstələrimiz arasında da bu hallar olacaq".

Həkimin sözlərinə görə, hər bir əməliyyatda olduğu kimi, bu əməliyyatda da problemlərlə qarşılaşmaq mümkündür: “Ən kiçik əməliyyatdan tutmuş böyüyünə qədər hamısında bu və ya digər dərəcədə risk var. Mədə kiçiltmə əməliyyatı saat yarım sürür. Xəstə 3 gün stasionarda qalır. Əməliyyatdan 4-5 saat sonra xəstə aktivləşir. Səhəri gün isə bir aylıq pəhriz yazılır və yerinə yetirilir. Ondan sonra normal həyata qayıdır”.

Orqanizmdə elə proses başlaya bilər ki...

Diyetoloq Ləman Süleymanova mədə kiçiltmə əməliyyatını hər insana məsləhət görmür: “Mən bu əməliyyatın bir çox hallarda ziyan olduğunu düşünürəm. Dünya səhiyyəsində də təsdiqlənib ki, artıq çəkili insan təcili deyilsə, əməliyyat olunmamalıdır. Artıq çəkili xəstələrə digər əməliyyatlar zamanı arıqlamaq məsləhət görülür. Düzdür, mədə kiçiltmə əməliyyatından sonra bir müddət iştah olmur, lakin bu hiss yenidən geri qayıdır. Bu o anlama gəlir ki, azad olduğunuz çəkilər geri qayıda bilər. Orqanizmdə elə proses başlaya bilər ki, bu əməliyyat həyatınıza son qoyar”.

Ləman Süleymanovanın fikrincə, artıq çəkidən pəhrizlər vasitəsilə də azad olmaq mümkündür: “Diyetoloqlar tərəfindən sağlam qida ilə bağlı proqramlar tərtib olunur, insanlar hərtərəfli müayinədən keçir, hətta yaşadıqları iqlim xüsusiyyəti də nəzərə alınır. Qeyd edim ki, 180 kiloqram çəkiyə malik insanlar sağlam şəkildə arıqlaya bilərlər. Belə insanlara elə qida rasionu və rejim tərtib olunur ki, onlar əziyyət çəkmədən, ac qalmadan artıq çəkidən azad olunurlar. Belə insanlar baş ağrısı, qan azlığı kimi problemlərlə qarşılaşmırlar. Bu iş mütəxəssislərin köməyi ilə həyata keçiriləndə gözəl nəticə alınır”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər