Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tətbiqi məsələləri ilə əlaqədar müvafiq sahədə çalışan əməkdaşlar üçün təlim-seminara başlanılıb.
Teleqraf.com-un məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov iştirak ediblər. Bildirilib ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı təsdiq edilən yeni Qaydalar bu yardımın alınması üçün vətəndaşlara elektron şəkildə müraciət etmək imkanı verir.
Müvafiq fərmana əsasən, ƏƏSMN tərəfindən ünvanlı dövlət sosial yardımı sistemininin avtomatlaşdırılmış icra mexanizminin yaradılması üçün mükəmməl proqram təminatları əsasında Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. Təsdiq olunmuş yeni Qaydalara əsasən, ailələri təmsil edən şəxslərin ünvanlı dövlət sosial yardımının alınması üçün e-müraciətləri də VEMTAS tərəfindən qəbul ediləcək. Müraciətlərə baxılması üçün ailələrə dair məlumatlar “Elektron hökumət” portalı üzərindən aidiyyəti qurumların informasiya resurslarından elektron qaydada əldə ediləcək və məlumatlar ümumiləşdirilərək təhlil olunduqdan sonra sosial yardımların təyinatı da avtomatlaşdırılmış şəraitdə həyata keçiriləcək.
Qeyd olunub ki, bu təlim-seminarda da məqsəd rayon (şəhər) ƏSMM-lərinin müvafiq əməkdaşlarının yeni Qaydaların tətbiqi ilə bağlı bilik səviyyələrinin artırılması, onlarda praktik bacarıqların formalaşmasıdır.
Təlim-seminarda Elnur Məcidov VEMTAS-ın proqram təminatları, vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımın alınması üçün rayon (şəhər) ƏSMM-lərinə təqdim etdikləri məlumatların VEMTAS-a daxil edilməsi prosedurları barədə iştirakçılara geniş praktik izahatlar verib. Elnur Məcidov həmçinin ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin real vaxt rejimində VEMTAS-a ötürülməsi qaydasından bəhs edib. Daha sonra test tapşırıqlar əsasında iştirakçıların bilik və bacarıq səviyyələrinin yoxlanılması işləri aparılıb.
Tədbir çərçivəsində ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin real vaxt rejimində VEMTAS-a ötürülməsi üçün rayon (şəhər) ƏSMM-lərinin işçiləri xüsusi komputer avadanlıqları (planşetlərlə) təmin olunublar.
Naibə QURBANOVA