Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş təqdimat tədbiri keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son yüzilliklərdə, hətta sovet dönəmində belə erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətindən bəhs edib: “Bu mənfur siyasətin davamı olaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücüm edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktı ümumən bəşərə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunub. Həmin qanlı aksiya zamanı içərisində uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Bu kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 nəfər uşaq hər iki valideynindən və 130 nəfər uşaq valideynlərinin birindən məhrum olub. Eyni zamanda 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 150 nəfərinin taleyi hələ də məlum olmayan 1275 nəfər girov götürülüb və Xocalı şəhəri ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edilib”.
Səlim Müslümov Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətini vurğulayıb: “Kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Leyla Əliyeva tərəfindən ölkəmizdə “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin təsis edilməsi də milli səviyyədə bu tədbirlərin genişləndirilməsinə və əlaqələndirilməsinə, təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılmasına yönəlib. Bu günkü tədbirin məqsədi də həmin İctimai Birliyin Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat vasitələri və informasiya resursları əsasında hazırladıqları təqdimatla tanış olmaqdır”.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı qısametrajlı film nümayiş etdirilib. “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin baş mütəxəssisi Fərid Cəfərov kampaniyanın Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, soyqırım haqqında hazırlanan müxtəlif təbliğat və maarifləndirmə vasitələri (nəşr, internet səhifəsi, sosial media və digər) barədə təqdimatla çıxış edib. O, kampaniya çərçivəsində aparılan işlərin müsbət nəticələrini də qeyd edib, Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanıyan, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən dövlətlərin sayının getdikcə artdığını bildirib. Tədbirdə “Xocalıya ədalət” kampaniyasının fəaliyyəti ilə bağlı suallar da cavablandırılıb, təkliflər səslənib, fikir mübadiləsi aparılıb.
Naibə QURBANOVA