17 Fevral 2016 19:29
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz şənliyinə hazırlıq işlərinin aparılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbir keçirilib.

Tədbirdə çıxış edən nazir müavini Ədalət bildirib ki, xalqımızın ən sevimli bayramı olan Novruzun rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib: “Martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək Novruz şənliyinə hazırlıq işləri sürətlə aparılmalıdır. Nazirlik tərəfindən də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri aparılır”.

Ədalət Vəliyev Novruz personajlarının hazırlıq işlərinə də toxunaraq bildirib ki, şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Nazir müavini qeyd edib ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupları, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar.

Tədbirdə qeyd edilib ki, Novruz şənliyində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək. Həmçinin ölkəmizdə yaşayan azsaylı xalqların adət-ənənəsini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar “Multikulturalizm ili”nə töhfə olacaq.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər