18 Fevral 2016 12:53
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Problemləri İnstitutu ilə Fransa səfirliyi arasında əməkdaşlıq genişlənir

17 fevral 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “ARTPİ və Fransa səfirliyi arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda görüş keçirilib.

ARTPİ-dən Teleqraf.com-a verilən məlumata görə institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Fransanın ölkəmizdəki səfiri Xanım Orelia Buşezi və qonaqları salamladıqdan sonra İnstitutun fəaliyyəti haqda danışaraq Fransa səfirliyi ilə ARTPİ-nin birgə əməkdaşlığı çərçivəsində indiyədək 6 layihənin həyata keçirilməsi barədə seminar iştirakçılarına məlumat verib. O, 2015-ci ildə İnstitutun əməkdaşlarının 2 dəfə Fransaya işgüzar səfərini xatırladaraq layihələrin icrasına səfirliyin dəstəyini vurğulayıb. Qulu Novruzov qeyd edib ki, Azərbaycanda ikinci xarici dil kimi 319 məktəbdə fransız dili tədris olunmaqdadır. Ölkədə Fransız dilini öyrənən şagirdlərin ümumi sayı 43.000-ə yaxındır. Fransız dilini öyrənmək perspektivləri kifayət qədər genişdir. Valideynlərin kütləvi şəkildə ingilis dilinə meyl göstərməsi fransız dilinin öyrənilməsi istiqamətində bir qədər çətinliklər yaradır ki, bununla bağlı ARTPİ ilə Fransa səfirliyi yeni layihələrin hazırlanması istiqamətində yaxından əməkdaşlıq edərək bu məsələnin həllini sürətləndirəcək.

Qulu Novruzov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında dəfələrlə səsləndirdiyi “Terrodan ən çox zərər çəkən ölkələrdən biri də Azərbaycandır” ifadəsini görüş iştirakçılarının diqqətinə çatdıraraq terrorizmlə mübarizənin ən yaxşı yolunun təhsildən və səmərəli əməkdaşlıqdan keçdiyini vurğulayıb. Fransa səfiri bu fikri alqışla qarşılayaraq öz təşəkkürünü bildirib və ölkəsinin də terrorirzmdən əziyyət çəkdiyini qeyd edib.

Xanım Orelia Buşez də öz çıxışında cənab İlham Əliyevlə ilk görüşü haqda söz açaraq onun təhsilin inkişafında çox maraqlı və diqqətli olduğunu vurğulayıb.

“Vurğulamaq istərdim ki, müəllimlərin təkmilləşdirilməsi və inkişafı istiqamətində İnstitutun təşkil etdiyi kurslar, layihələr çox yüksək keyfiyyəti ilə fərqlənməkdədir. Müəllimlərin Fransada da kurslarda təcrübə keçməsi bunun bariz nümunəsidir. Təhsil Problemləri İnstitutu təhsildə keyfiyyətə yüksək önəm verir.
Məhz bu baxımdan səfirlik və ARTPİ arasında əməkdaşlıq getdikcə daha da genişlənir” bu sözləri deyən Xanım O.Buşez ölkələrimizin təhsildə davamlı inkişafa diqqətlə yanaşmasını yüksək dəyərləndirib.
Rəsmi görüşdə əməkdaşlıq məsələləri görüşün əsas müzakirə istiqamətini təşkil edib.

Fransanın Azərbaycandakı səfirliyi vasitəsilə Sevr Beynəlxalq Pedaqoji Araşdirmalar Mərkəzi, Paris Təhsil Akademiyası, CİLAROM Təhsil Assosiasiyası və Azərbaycan Fransız dili Müəllimlər Assosiasiyası ilə həm Azərbaycanda və həm də Fransada birgə həyata keçirilmış layihələrin uğurları və nəticələri də, görüşün müzakirə obyekti olub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər