18 Fevral 2016 15:37
3 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

-Sən Kənd təsərrüfatı muzeyini görməmişdin?

-Yox, birinci dəfədir.

Bu, məşhur “Əhməd hardadır” filmində Leyla ilə Əhmədin dialoqundandır. Filmdə Leyla Əhmədin hələ də bu muzeydə olmamasına təəccüblənir.

Əhməd kimi həmin muzeyə mən də birinci dəfə baş çəkirdim. 90-a yaxın yaşı olan muzeyə indiyəcən gəlmədiyim üçün özümü qınadım. Axı, burada əcdadlarımızın yaşam tərzi, əkinçi alətləri, kənd təsərrüfatının bütün sahələrini əhatə edən eksponatlar qorunub saxlanır. Yolu elə də uzaq deyil - “Azadlıq prospekti” metrosunun həndəvərində... Bu ünvana yaxınlarda köçüblər.

Ailə maketi

Liftlə qalxıram, qapı açılır və Kənd təsərrüfatı muzeyinə daxil oluram. Muzeydə Azərbaycan kəndlisinin qədimlərdən müasir dövrə kimi keçdiyi tarix maketlər vasitəsilə əks olunub.

Muzeyə gələn ziyarətçiləri bələdçilər qədim geyimdə qarşılayırlar.

Bələdçi Lalə Xairova muzey haqqında məlumat verdi. Muzeydə Qobustan qayalarının maketi yerləşdirilib. Burada “İpək yolu” xəritəsi də var ki, 1 milyondan artıq muncuqdan istifadə olunub: “Muzeyə gələn ziyarətçilərimiz ”İpək yolu"nun xəritəsi ilə tanış olarkən Soltan Hacıbəyovun “Karvan” simfoniyası səsləndirilir “.

Kənd təsərrüfatı muzeyi 1924-cu ildə yaradılıb. Muzeyin bəxtinə paytaxtın bir neçə yerində fəaliyyət göstərmək yazılıb...

Bələdçi ilə muzeyi gəzən zaman digər bir guşə ilə rastlaşdıq. Guşədə 18-19-cu əsrlərə aid Azərbaycan kəndlisinin evi və həyat tərzi nümayiş olunur.

Lalə Xairova deyir ki, evin qapısının 200 ilə yaxın yaşı var. Görünür, o vaxtlar oğurluq azmış ki, evin qapısını eləcə üzərindəki cəftə ilə bağlamaq kifayət edirmiş: “Qapının üzərində iki taqqılbab var. Birini bərk döydükdə evdə olan adam bilir ki, gələn kişidir və qapıya kişi çıxır. İkinci taqqılbabla qapını zəif döydükdə isə gələnin xanım olduğuna işarə vurulur. Yəni o dövrdə qadınla kişi üz-üzə gəlmirdi.

Bu guşənin də ayrıca özəlliyi var. Burada evin xanımı çörək bişirir, kişi isə oturub onu seyr edir. Beşikdə də balaca uşağın yatdığı göstərilir. Bu beşiyin 150 ilə yaxın tarixi var. Bəzi bölgələrdə indi də bu beşikdən istifadə olunur. O dövrə aid daxmanın divarı gil və palçıqdan, tavanı qamışdan, yeri isə həsirdən düzəldilib.

Divarda Qubanın qədim ağ gül xalçası, namaz xalçası və möhür var. Mis, saxsı taxta qablar, qozqıran, ət döymək üçün toxmaq, kiçik əl dəyirmanı (kirkirə), qədim kənd təsərrüfatı əşyaları, yun sapdan toxunmuş palazlar və digər məişət əşyalar var".

Muzeydə dünyanın ilk təndiri olan Karbəri eksponatı və yanında ölən insanı basdırmaq üçün küp də qoyulub. Həmçinin 18-19-cu əsrdə yaşamış kəndlinin sadə məişət əşyaları, gildən və taxtadan hazırlanmış qablar, nehrə, motal, alver zamanı istifadə olunan taxta tərəzi, xurcunlar, cəhrə, torpaq şumlayan alət, həvəngdəstə, vəl, xış, su daşı, dəmir kotan, alaqçın, qalaburun, təndir şişi, dəryaz, şana, boyunduruq, çuğundur çıxardan və digər alətlər var.

Pulsuz muzey, 2 minə yaxın eksponat

Növbəti eksponat taxılçılıq və pambıqçılıqla bağlıdır. Bələdçi deyir ki, Azərbaycanda buğdanın qədim dövrdən əkildiyinin sübutu olaraq burada buğda və üzüm toxumları da var: “Bizim eradan əvvələ aid olan buğda toxumları Mingəçevirdə qazıntılar zamanı tapılıb. Burada Sevil Qazıyevanın, Şamama Həsənova və digər şəxslərin də şəkillərini görürsüz. İlk pambıq təmizləyən maşın 1897-ci ildə Azərbaycana gətirilib. Bu maşınlara qədər pambıq əllə təmizlənib. Bununla yanaşı zalda 75-ə yaxın fındıq növü var.

Muzeyin direktoru Natiq Qurbanov deyir ki, burda ümumilikdə 2 minə yaxın eksponat növü nümayiş etdirilir: “Yeganə dövlət muzeyidir ki, giriş pulsuzdur. Çünki əcdadlarımız istifadə edən alətləri, onların yaşam tərzini göstərən eksponatları nümayiş etdiririksə, buna görə niyə insanlardan pul almalıyıq? Biz çalışmalıyıq ki, xalqımız gəlib öz keçmişi ilə tanış olsun.

Muzeyin foyesində qoz ağacından hazırlanmış “Kənd Təsərrüfatı Muzeyi” sözləri yazılan lövhə də var. Bu eksponatların bəzisinə dünyanın heç yerində rast gəlinmir və yalnız bizim muzeydədir. Buraya, təzə ünvana köçəndə bütün eksponatları ayrı-ayrı yeşiklərə, sənədləri, pasportları isə üstdə qablaşdıraraq gətirmişik. Fondda eksponatlar çoxdur, sadəcə, bizim muzeyə ayrılmış otaqlarda onların hamısını nümayiş etdirə bilmirik, yer çatmır. Muzeyin fəaliyyəti hələlik qənaətbəxşdir. Ancaq muzeyin daha geniş yerə köçürüləcəyi səbirsizliklə gözlənilir".

75 növ fındıq

Muzeyin lifti də qeyri-adiliyi ilə fərqlənir. Mərdəkan qalasının maketindən həm də lift kimi istifadə edilir.

Muzeydə müxtəlif üzüm, arıçılıq, heyvandarlıq, ipəkçilik, tütünçülük məhsulları, ilk ipək parçalar və respublikada bitən 75 növdə fındıq növü mühafizə olunur. Azərbaycanda hazırlanmış müxtəlif şərabların qədim növləri də nümayiş olunur.

Kənd təsərrüfatı muzeyində 18-ci əsrdə yaşayan ailə maketindən əlavə ötən əsrin 50-ci illərinə aid Azərbaycan ailəsi maketi də qurulub. Məişət əşyaları, su saatı, həsirdən hazırlanmış tərəzi, təndir, təndirdə çörək bişirən zaman qolları yanmasın deyə istifadə edilən qolçaqlar, duz və qənd saxlamaq üçün qablar var. Su saatı da gözümüzə dəydi... Kəndli suvarmaya gedən zaman su saatının içinə arpa, buğda doldurulurmuş, qabın aşağısında gözcük var. Gözcüklərdən arpa, buğda, su töküləndə suvarma dayandırılır və digər bir sahəyə keçilirmiş.

Bələdçi ilə muzeyi gəzərkən daha bir sıra eksponatlar diqqətimizi çəkdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində baş vermiş hadisələri özündə əks etdirən eksponatlar, rəsm əsərləri, ilk kənd təsərrüfatı mütəxəssislərinin fotoşəkillərini görürük. 1925-ci ildə Amerikadan ölkəmizə gətirilmiş “Fordzon” markalı traktor haqqında məlumat da əldə edirik.

Muzeyin informasiya təminatı...

Bələdçi Lalə Xairovanın sözlərinə görə, muzeydə yerləşdirilən “info-köşk”də buranı ziyarətə gələnlər monitora toxunmaqla həm eksponatlar, həm də kənd təsərrüfatı sahələri haqqında ətraflı məlumat əldə edə bilərlər: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq, Dövlət Kənd Təsərrüfatı Muzeyinin informasiya sistemi hazırlanıb. Quraşdırılan bu interaktiv informasiya sistemi muzeyin veb-portalı vasitəsilə geniş ölkə ictimaiyyətinə və xarici istifadəçilərə əl çatan məlumat verir. Muzeyimizin informasiya sistemi ən müasir dizayn interfeysinə malikdir və mütərəqqi texnoloji platformada hazırlanıb”.

Muzeyin informasiya sistemi 4 əsas moduldan ibarətdir.

1. Heydər Əliyev və Azərbaycan Kənd Təsərrüfatı
2. Dövlət Kənd Təsərrüfatı Muzeyi
3. Kənd Təsərrüfatı sahələri
4. Kənd Təsərrüfatı göstəriciləri

Muzeyin informasiya sisteminin ilk modulu “Heydər Əliyev və Azərbaycan kənd təsərrüfatı” adlanır. Burada Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatının inkişafına verdiyi töhfələr vizual olaraq, fotoşəkillər, video çarxlar və onun kənd təsərrüfatı ilə bağlı fikirləri ziyarətçilərə təqdim edilir.

İkinci modulda sol tərəfdə muzeyin dinamik xəritəsi, sağ tərəfdə isə keçidlər göstərilib. Hər bir keçid muzeyin bir bölməsini özündə əhatə edir. Bu keçidlər vasitəsilə ziyarətçilər seçdikləri bölmə ilə bağlı məlumat mətnlərini oxuyur, eksponatların şəkilləri ilə tanış olurlar. Hər bir eksponat barədə həm vizual, həm də mətn şəklində məlumat təqdim olunur.

Sistemin digər modulu kənd təsərrüfatı moduludur ki, burada ziyarətçilər kənd təsərrüfatının müxtəlif istiqamətləri haqqında məlumat ala bilərlər. Bu modula daxil olan zaman ziyarətçilər kənd təsərrüfatı sahələrini görürlər. Hər hansı sahəyə daxil olmaqla isə sahə ilə bağlı şəkillər və mətnlər əks olunur. Burada ziyarətçilərə daha ətraflı məlumat vermək üçün hər bir təsərrüfat sahəsinin “ətraflı” bölməsi mövcuddur.

Məsələn, tərəvəzçilik sahəsində ziyarətçilər bibər, badımcan, kartof və digər tərəvəzlər haqqında, heyvandarlıq sahəsində maldarlıq, qoyunçuluq, quşçuluğun tarixi barədə ətraflı məlumat ala bilirlər.

Dünyanın yalnız 5 ölkəsində

Alaçıq maketi də diqqəti cəlb edir. Bələdçi deyir ki, ziyarətçilər maraq dairəsindən asılı olaraq müxtəlif eksponatlarla tanış olurlar: “Muzeyimizə gələn alimdirsə, kənd təsərrüfatı ilə bağlı, gəncdirsə atlarla və digər maketlərlə maraqlanır. Muzeyimizdə Qarabağ atlarının maketləri, onların yarışlarda qalib olduqları kuboklar nümayiş olunur. Muzeydə həmçinin qədim geyimlər də sərgilənir”.

Qeyd edək ki, belə muzey dünyanın yalnız 5 ölkəsində var.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər