19 Fevral 2016 17:52
2 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möhtərəm oxucular!

Məlumunuzdur ki, bir neçə aydır ki, mətbuatda mütəmadi olaraq AMEA İnsan Hüquqları İnstitutunun fəaliyyəti, eyni zamanda institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva haqqında müxtəlif yazılarla çıxış edirəm. Dünən AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən xanım Mustafayeva ilə görüşdüm və səmimi müzakirələr apardıq. Bu müzakirələrin nəticəsini sizlərlə bölüşmək istəyirəm:

1. Xatırlayırsınızsa, parlament seçkiləri zamanı AMEA İnsan Hüquqları İnstitutunun rekvizitlərinin Azadsirniyyat.az adlı saytda biznes məqsədi ilə istifadə olunmasının araşdırılması üçün 16 saylı Yasamal İkinci Seçki Dairəsinin Komissiyasına şikayət məktubu ilə müraciət etmişdim. Təqdim olunan sənədlər əsasında məndə belə bir qəti rəy formalaşdı ki, Azadsirniyyat.az adlı saytda AMEA İnsan Hüquqları İnstitutunun rekvizitlərinin əks olunması Aytən Mustafayevanın müvafiq sektorda biznes fəaliyyəti ilə məşğul olması anlamına gəlmir. Nə Aytən Mustafayevanın, nə də İnsan Hüquqları İnstitutunun adı çəkilən saytla heç bir bağlılığı yoxdur, ümumiyyətlə belə bir müəssisə fəaliyyət göstərmir. Belə ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyində həmin saytda iddia edildiyi kimi “Azad Şirniyyat” İstehsalat Birliyi adlı müəssisə qeydiyyatdan keçməyib, saytın yardıcısı Elvin Məmmədov adlı şəxsi mənim kimi Aytən Mustafayeva da ümumiyyətlə tanımır. Bu səbəbdən 16 saylı Yasamal İkinci Seçki Dairəsinin Komissiyasına parlament seçkiləri zamanı təqdim etdiyim şikayət ərizəsinin doğru araşdırıldığına və Azadsirniyyat.az adlı saytdakı məlumatların gerçəkliyi düzgün əks etdirmədiyinə heç bir şübhəm qalmadı.

2. Növbəti yazıma, yəni AMEA İnsan Hüquqları İnstitunun direktoru Aytən Mustafayevanın oğlu Orxan Mustafayev barəsində araşdırmama gəlincə isə mənə təqdim olunan sənədlər əsasında bu nəticəyə gəldim ki, deputat, AMEA İnsan Hüquqları İnstitunun direktoru Aytən Mustafayevanın oğlu Orxan Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən “İdeal Concept Group” adlı şirkətin səhmlərinin və digər növ kapitalının sahibi deyil. O, müvafiq kompaniyada sadəcə olaraq icraçıdır.
Söhbətin sonunda vaxt ayırmasına, çaya qonaq etməsinə və məni təmkinlə dinlədiyinə görə Aytən xanıma təşəkkür etdim. Aytən xanım Mustafayeva isə şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qorunması, cavabdeh qismində 100 min manat təzminat tutulması, təkzib verilməsi barədə mənə və Strateq.az saytına qarşı Yasamal rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsini geri götürəcəyini bildirdi.

Bütün bu sadaladıqlarımın fonunda bir daha vurğulamağı zəruri hesab edirəm ki, parlament seçkilərindən dərhal sonra mən öz peşəmə- jurnalistikaya qayıtmışam. Jurnalist kimi mənim borcum parlament seçkilərinin hərarət və emosiyasından dərhal uzaqlaşmaq, öz fəaliyyətimdə ancaq rəsmən təsdiqini tapmış faktları əsas götürməkdir. Elə bu səbəbdən də ölkəmizdə fəaliyyət göstərərək mənim parlament seçkiləri zamanı DSK və MSK-ya etdiyim şikayətləri, həmçinin Orxan Mustafayevin biznes fəaliyyəti ilə bağlı araşdırmamı dərc etmiş bütün kütləvi informasiya vasitələrindən bu açıqlamanı da yaymağı xahiş edir, müvafiq şikayət və araşdırmadan gələcəkdə Aytən Mustafayevaya qarşı istifadə edilməsinin jurnalistikanın təməl prinsipləri ilə yanaşı əsl həqiqətə uyğun olmayacağını nəzərə çatdırıram.

Hörmətlə, Taleh Şahsuvarlı


Müəllif:

Oxşar xəbərlər