Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni silahlı bölmələrində son günlər qeydə alınan itkilərlə bağlı xəbərlərə münasibət açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib: “Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur. Bu gün də baş verən insidentdə təlafat çox olduğundan və qarşı tərəf ölənlər barədə xəbərləri gizlədə bilməyəcəyindən məlumatı açıqlayıblar. Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq”.
Qeyd edək ki, son günlər erməni silahlı bölmələrinin işğal altındakı ərazilərdə itkiləri artıb. Dünən bir, bu gün isə iki erməni hərbçinin qeyri-müəyyən şəraitdə aldıqları güllə yaralarından öldüyü açıqlanıb.