23 Fevral 2016 11:22
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir: ““Bakı bəyannaməsi”nin layihəsini hazırlayıb BMT-yə təqdim etmişik”

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri müzakirə olunub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda BMT-nin Sivilizasiyalar Alyansının Azərbaycanda səfərdə olan nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, 25-27 aprel tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Bununla bağlı ölkə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Təşkilat Komitəsi yaradılıb. Müxtəlif dövlət qurumlarının təmsil olunduğu Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

İclasda çıxış edən Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Onun sözlərinə görə, Azərbaycan son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir: “Aprelin 25-dən 27-dək keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna da ölkəmiz yüksək səviyyədə hazırlaşır. Foruma hazırlıq prosesi son mərhələyə qədəm qoyub. Belə bir mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzundan bir daha sübut edir”.

Nazir qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə dair Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən təsdiq edilib və aidiyyəti dövlət qurumlarına göndərilib. Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) beynəlxalq tədbirin rəsmi media tərəfdaşlarıdır.

Əbülfəs Qarayevin sözlərinə görə, Forumun proqramı üzrə iş gedir, demək olar ki, ilkin layihə hazırdır: “Xarici İşlər Nazirliyi ilə birlikdə “Bakı bəyannaməsi”nin layihəsini hazırlayıb BMT-yə təqdim etmişik. Bəyannamə layihəsi bu günlərdə BMT-nin qərargahında müzakirə olunmaqdadır. Layihə alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib. Sənəddə dünyanı, o cümlədən Azərbaycanı narahat edən bir sıra məsələlər əksini tapıb. “Bakı bəyannaməsi” həm də Forumun gələcək dünya proseslərinə təsirini ortaya qoyacaq”.

Forumda iştirak edən qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olmacağını diqqətə çatdıran nazir bildirib ki, Azərbaycanı daha yaxından tanımaları üçün mədəni proqramlar da təşkil olunacaq. Həmçinin gələn qonaqlarla ali məktəblərdə də görüşlərin təşkili də nəzərdə tutulur.
BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saad Forumun Təşkilat Komitəsi ilə sıx əlaqə qurulduğunu və hazırlıqların yüksək səviyyədə getdiyini vurğulayıb. Onun sözlərin görə, Azərbaycan Prezidentinin sərəncamı ilə Təşkilat Komitəsi yarandıqdan sonra bu sahədə ciddi işlər görülür: “Hazırlıq prosesinin yekunlaşdırılması üçün işləri daha da sürətləndirmək vacibdir. Bakıya bir gün öncə gəlməyimizə baxmayaraq bir sıra görüşlər keçirmişik. Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycandan dünyaya daha bir mesaj olacaq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması da Forumun əhəmiyyətini artırır”.

BMT Sivilizasiyalar Alyansının rəsmisi Forumun keçirilməsi üçün göstərilən məkanlar - Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi ilə tanış olduqlarını bildirib: “İştirakçıların sayı nəzərə alınaraq Forumun Bakı Konqres Mərkəzində keçirilməsi qərara alınıb. Bakı Konqres Mərkəzi istər texniki, istərsə də digər məsələlər baxımından münasib məkandır, burada yaradılan şərait deməyə əsas verir ki, Forum çox yüksək səviyyədə keçiriləcək. Bakının yeni memarlıq incisi sayılan Heydər Əliyev Mərkəzində isə Forumun mədəni tədbirlərinin keçirilməsi nəzərdə tutulur”.

Forumun proqramının müəyyən edildiyini qeyd edən Nihal Saad plenar və qrup sessiyalarında müzakirə olunacaq mövzular barədə məlumat verib. O, bildirib ki, “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” mövzusuna həsr edilən Forumda beynəlxalq ictimaiyyət üçün maraq kəsb edən aktual məsələlər müzakirə olunacaq. Bu sıraya ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman və gənclərin rolu, mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”, inklüziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər daxildir. Açılış mərasimindən əvvəl - 25 aprel tarixində gənclər forumu və biznes simpoziumun keçirilməsi də planlaşdırılır”.

Əsas proqramla yanaşı Forum günlərində BMT Sivilizasiya Alyansının tərəfdaşlarının 15-dən çox sessiyası keçiriləcək.

Nihal Saad onu da vurğulayıb ki, Forum mühüm bəyanatların qəbul ediləcəyi bir platforma olacaq.
İclasda Təşkilat Komitəsinin üzvləri Forumun tədbirlər planı barədə mülahizələrini bildirdilər, müzakirələr aparıb. Sivilizasiyalar Alyansı nümayəndə heyətinin üzvləri də Forumla bağlı görəcəkləri işlər barədə fikirlərini bölüşdülər.

Qeyd edək ki, fevralın 27-dək ölkəmizdə olacaq BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və AZAL-da görüşlər keçirəcək, habelə Bakı Dövlət Universitetində və ADA-da təqdimatlarla çıxış edəcəklər. Bu müddət ərzində Foruma hazırlığın səviyyəsi, görüləcək işlər və digər məsələlər müzakirə ediləcək.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər