Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç sabah Bakıya gələcək.
Bunu Trend-ə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Ukraynadakı baş koordinatoru Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, Kraveç Leonid Markoviç fevralın 24-27 tarixlərində Bakıda UABD-nin Xocalı qətliamına həsr olunmuş silsilə tədbirlərində iştirak edəcək. O, Azərbaycana səfərini Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Daha sonra onun UABD sədri Hikmət Cavadovun müşayiəti ilə Hərbi Prokurorluqda, Diasporla iş üzrə Dövlət Komitəsində və BDU-da görüşləri olacaq.
Fevralın 25-də saat 11:00-da Kraveç Leonid Markoviç Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər üçün brifinq keçirəcək, Xocalıda gördüklərini danışacaq. Mətbuat konfransının ardınca UABD-nin təşəbbüsü ilə Ukraynadan gətirilmiş və Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Əsərlərin müəllifi – Ukrayna Rəssamlar İttifaqının üzvü və UABD-nin fəallarından Rasim Seydimov çəkdiyi əsərlər haqqında geniş məlumat verəcək.
Fevralın 27-də Kraveç Leonid Markoviç Azərbaycan KİV nümayəndələrilə Gəncə şəhərinə səfər edəcək.
Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmədtə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.