Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Komitəsədri Mübariz Qurbanlı Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
M.Qurbanlı məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 26 fevralın bütün bəşəriyyətə qarşı tarixi bir cinayət kimi qiymətləndirilərək, həmin günün "Xocalı soyqırımı günü" elan edildiyini diqqətə çatdırıb.
Komitə sədri Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması və hadisənin dünya ictimaiyyətinin hüquqi-siyasi və mənəvi baxımdan qiymətləndirilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurlu tədbirlərin həyata keçirilməsindən danışıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək tariximizə qanlı hərflərlə yazılmış Xocalı soyqırımında cinayətkar erməni qruplarının vəhşiliyi nəticəsində 613 nəfərin öldürüldüyünü, 487 nəfərin şikəst olduğunu, 1275 nəfər dinc sakinin - qocalar, uşaqlar, qadınların əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldığını deyib. O bildirib ki, Azərbaycan xalqı insanlıq əleyhinə törədilmiş bütün cinayətləri pisləyərək Azərbaycana, azərbaycanlılara qarşı törədilmiş bu soyqırıma beynəlxalq miqyasda adekvat qiymət verilməsini istəyir və bu istiqamətdə fəaliyyət göstərir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə bildirib ki, bu cinayət cəzasız qalmamalı, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verməlidirlər.
Anım tədbirində iştirak edən Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycandakı Roma Katolik Kilsəsinin nümayəndəsi Yozef Marek, Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova və digərləri Xocalıda uşaqların, qadınların, yaşlıların amansızlıqla qətlə yetirildiyini söyləyib, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.
BƏXTİYAR