“Cəbhə xətti” layihəsinin qonağı Məhərrəm Cəfər oğlu Abbasovdur. O, 1957-ci ildə Cəbrayıl rayonunun Maraliən kəndində anadan olub. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Ailəlidir, dörd övladı var.
Məhərrəm bəy o qanlı-qadalı illəri belə xatırlayır:
Bizi öz topçularımız vururdular
- Əvvəla, sizə və Axar.az saytına təşəkkür edirəm ki, bizləri unutmayıb, belə bir layihə həyata keçirirsiniz. Bilirsiniz, insanın dəyərləndirilməsi gözəl duyğudur. Sözün düzü, bizi kimsə yada salmır və buna görə kimsədən incimirik, amma yaxşı olardı ki, unudulmayaydıq. Bu xalqın qan yaddaşını unutmaq olmaz. Mən Cəbrayıldanam, orada boya-başa çatmışam, doqquz illik orta təhsilimi başa vurduqdan sonra Sumqayıt şəhərinə gəlmişəm. Burada 17 saylı peşə məktəbinə daxil olub, qaynaqçı sənətini öyrənmişəm. 1976-cı ildə Sovet ordusunda həqiqi hərbi xidmətə getmişəm. O vaxtkı Almaniyada qulluq etmişəm. İki il sonra vətənə qayıtmışam. 1980-ci ildən 1988-ci ilə qədər Cəbrayıl rayonunda qaynaqçı işləmişəm.
Nəhayət, 1988-ci ildə müharibə başlayanda könüllü olaraq əlimə silah alıb, döyüşlərə qatılmışam. 1991-ci ildən nizami ordu qurulmağa başlayıb, bizə hərbi formalar, silahlar verilib və biz Cəbrayıl rayonunun bütün sərhədyanı ərazilərini müdafiə etmişik. Rəhmətlik Rəşid Məmmədovun başçılığı ilə döyüşmüşük. Bizim ən ağır döyüşümüz, ermənilərin fəxr etdiyi Sur kəndində olub. Deyilənə görə, o kəndi Osmanlı imperiyası belə ala bilməyib, amma biz aldıq. Bu kənd iki il bizim nəzarətimizdə qalıb. Kəndi almaq bizə 28 nəfər itki ilə başa gəlib. Oranı alsaq da, kəndətrafı yüksəklikləri ala bilməmişik. Bizim burada çox itki verməyimizin səbəbi artilleriyanın səriştəsizliyi idi. Səhvən özümüzü vururdular. Ermənilər bizim dili bildiyi üçün ratsiya ilə xəbər verirdilər ki, vurmayın, biz azərbaycanlıyıq. Amma biz nə qədər desək də ki, onlar yalan deyir, bizimkilər inanmırdılar, əksinə bizi vurudular.
Əgər oranı tutsaydıq...
Yəhər deyilən yüksəklik vardı, əgər oranı ala bilsəydik, ermənilərin Hadrut rayonu ovcumuzun içində olacaqdı. Ermənilərin bütün silah anbarları, hərbi hissələri orada yerləşirdi. Ancaq bizim hücum planımızı satmışdılar. Buna baxmayaraq, hücuma keçib uğurlu əməliyyatla yüksəkliyi aldıq, ancaq yenə səhvən bizim topçular özümüzü vurub bizi qırırdılar. Bu hücumda hər iki tərəfdən ölən və yaralananlar vardı, biz məcburən geri çəkildiyimizə görə şəhid və yaralılarımız yüksəklikdə qalmışdı. Sözün düzü, biz həmişə ermənilərə deyirdik ki, gəlin, əsirləri dəyişək. Bu dəfə isə onlar bizimlə şərt kəsdilər ki, bir sağ erməni əsirinə 3 meyit verəcəyik. Kəsəsi, razılaşdıq. Əldən-ayaqdan düşmüş ermənilərdən gətirib meyidlərimizi aldıq. Burada bir erməni bizə dedi ki, baxın, bu əsgərinizin meyitini görürsünüz? Bu əsgəriniz bizim bir batalyon əsgərimizi qırıb qurtardı, onu vura bilmirdik, ancaq patronu qurtarandan sonra vura bildik! Sizin bu bir əsgərə Milli Qəhrəman adı düşür. Ancaq həmin o şəhidə biz adicə bir məktəb adı belə ala bilmədik.
Əsgərlər qaçmaq istəyirdilər, ancaq...
Döyüş dəhşətli şeydir. Bir dəfə Gəncə batalyonu bizə köməyə gəlmişdi, onlardan birini ermənilər boğazından vurmuşdular. Boğazını barmağımızla tutmuşduq. Şükür olsun, həmin oğlan sağ qaldı, indi də məni görəndə minnətdarlıq edir. Bizim əsgər yaralananda su istəyirdi, ancaq vermirdik ki, ürəyi dayanmasın, onların su istəməsi ürəyimizi dağa döndərirdi. Elə bu gün də döyüşçülərim məni görəndə boynuma sarılır. Mən müharibəyə gedəndə 33 yaşım vardı, sovet ordusunda silah təcrübəm vardı deyə, həm də zabit heyəti az olduğu üçün məni komandir qoymuşdular. Həmin vaxt çox gənc olan əsgərlər bizə ata kimi güvənirdilər. Bir dəfə məni harasa göndərmişdilər, elə oldu ki, geri dönüb gördüm 10 nəfər qaçmaq istəyir, çünki qorxurdular. Bunlar məni görən kimi üstümə qaçışıb sarıldılar, hiss etdim ki, fikirlərindən döndülər. Əgər müharibədə əsgər komandirsiz, ya da təcrübəsiz oldusa, mütləq qorxacaq, ona görə də əsgərə güclü, təcrübəli komandir lazımdır. Mən əsgərlərimizi sıraya düzüb hücuma hazırlaşanda qorxan əsgəri gözündən bilirdim, ancaq heç bir əsgərə “sən qorxursan” demirdim. Sadəcə, deyirdim ki, sən bu dəfə arxada qal, gələn dəfə səni aparacam döyüşə. Əsgərlərimin əksəriyyəti ad çıxarmaq istəyirdi ki, mən yaxşı döyüşüm, qoy desinlər, qəhrəmansan. Bax, bu hiss məni yaşadırdı.
Heydər Əliyevin and içdiyi gün biz...
Bizim ən dəhşətli itkilərimiz Ağdam rayonunda olub. Elə oldu ki, bizi aparıb bilmədiyimiz əraziyə atdılar, orada çadırlarda qalmalı idik. Ancaq ora çatandan sonra bizi hücuma yolladılar. Bir yol vardı - kəndin içindən gedən - ora ilə sıra formasında gedirdik. Uzaqdan gördük ki, əsgərlər var, kim olduqlarını soruşduq, “gəlib deyəcəyik kim olduğumuzu”, - dedilər. Yaxınlaşan kimi bizi atəşə tutdular, hardan bilək axı bunların erməni olduğunu? Əsgərlərimiz şəhid oldular. Şəhid olanlar əsasən Cəbrayıl uşaqları idi, onlar elə əsgərlər idilər ki, bir erməni batalyonunu məhv edə biləcək qədər ürəkli idilər. Bu dəhşətdən sonra isə ermənilər böyük itkilər verdilər, biz şəhidlərin qisasını qismən də olsa aldıq. Bu qisas rəhmətlik Heydər Əliyevin Qurana əl basıb, and içdiyi gün baş verdi. Axşamçağı idi, saat 5-6 radələrində kəşfiyyat xəbər verdi ki, ermənilər texnika toplayıb hücuma hazırlaşır, biz də bunu dərhal yuxarılara xəbər verdik, ancaq bizə inanmadılar. Elə oldu ki, ermənilər üstümüzə gəldilər, məcbur bir postumuzu onlara verib müdafiəyə çəkildik. Yenidən dözməyib yuxarılara xəbər verdim ki, bizi qırırlar. Mərcanlı kəndində olan artilleriya başladı erməniləri vurmağa. İnanın, onları şahmat şəklində elə qəşəng vururdular ki! Ermənilər bir dərədə gizləndilər, sonra biz də vurmağa başlayıb, it kimi qırdıq onları. Düşünün, səhər saat 6-dan atışmadır, axşam saat 5-də Dadaş Rzayev Moskvanın “Zerkalo” qəzetinin müxbiri ilə ora gəldi. Başladı bizə “qalx” komandası verməyə, bu əsnada hamı gülüşdü ki, biz səhər saat 6-dan döyüşürük, bu indi bizi “oyadır”. Dadaş Rzayev söyüşlə danışsa da, cavabını aldı. Söyüş söyməsinin səbəbi guya mənim atəşkəsi pozmağım idi. Ancaq dedim ki, əgər biz hücum etsəydik, onlar postunu verərdi də, niyə biz bir postumuzu verib geri çəkilək ki? Bunu danışırdıq ki, ermənilər tankla atəş açdı, tankın mərmisi boşluğa düşdü və həmin jurnalist xanımın başındakı papağı tulladı. Bu özü də fakt idi ki, hücumu biz yox, onlar edib. Rus jurnalist ermənilərin salamat meyitlərini çəkirdi. Bir əsgərim gəldi ki, yox onları deyil, bu tikələnmiş meyitləri çək. Rus xanım deyir, axı onlar pis gündədir?.. Dedim ki, bəyəm, Xocalıda məhv edilən şəhidlərdən pis gündədirlər? Şəxsən öz ərazimdə məhv edilən ermənilərin şahidiyəm. Mən bu müharibədə nələr görmüşəm, Allah şahiddir.
Əsgərlərimizin ürəyini çıxarıb...
Bir döyüşçüm vardı, sürücü idi – adı da Mehman. Toyuna 10 gün qalmışdı. Toyuna kəsiləcək cöngəni, şəhid oldu deyə, yasına kəsdilər. Bir gün də 15 əsgərimizi yatdıqları yerdə hücum edib öldürmüşdülər. Onların 3 nəfəri atışıb ölmüşdü, qalan 12-nin ürəklərini çıxarıb ovuclarına qoymuşdular, gözlərini çıxarmışdılar. Həmin uşaqlar topçular idi. Baxın, bu dəhşətləri necə unutmaq olar axı? Ermənilər tərəfdən zəncilər da döyüşürdü, birini öldürdük, başını kəsib rəhmətlik Natiqin qanının alınmasının simvolu olaraq Gəncəyə göndərdik. Bədənini isə yandırdıq.
Bizim erməni əsgəri ilə fərqimiz bu idi ki, biz könüllü döyüşürdük, amma onlar muzdlu idilər. Gənclərimiz qorxmasınlar, vətəni sevsinlər, qorusunlar. Mənim dörd oğlum var, dördü də əsgərlikdə olub, ancaq nə evimiz var, nə maşın almışam, nə də bir qəpik dövlətdən imtiyaz alıram. Bütün ailəm, oğlanlarım kirayələrdə qalır. Ancaq heç nə ummuram, mən qarşılıqsız döyüşmüşəm. Dünyanın ən qəhrəman milləti bizik. Mən elə bu gün də döyüşməyə hazıram. Gecələri yuxumda oralarda oluram, oyanan kimi pis oluram ki, bu, yuxu imiş…
Axar.az